ABŞ-nin texnologiya nəhəngləri arasında Apple-ın gəliri 2, Meta-nın gəliri 25, Amazon-un gəliri isə 14 faiz artıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple 2024-cü maliyyə ilinin birinci rübü hesab etdiyi 30 dekabr 2023-cü ildə bitən üç aylıq dövr üçün balans hesabatını açıqlayıb.
Müvafiq olaraq, şirkətin gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 119,6 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 117,1 milyard dollar gəliri var idi.
Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışlar yüzdə 13 azalıb. Apple-ın xidmət gəlirləri 23,1 milyard dollarla ən yüksək səviyyəsinə çatıb.
Apple-ın xalis mənfəəti ötən ilin son üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 13 artaraq 33,9 milyard dollara çatıb.
Meta-nın oktyabr-dekabr dövrü üçün balans hesabatına görə, şirkətin ötən ilin son rübündə gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 40,1 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 32,2 milyard dollar gəliri var idi.
Şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə 201 faiz artaraq 14 milyard dollara çatıb.
Meta-ya məxsus Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib.
Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı keçən ilin dekabrına görə illik bazda 6 faiz artaraq 2,11 milyarda, aylıq aktiv istifadəçilərinin sayı eyni dövrdə 3 faiz artaraq 3,07 milyarda çatıb.
31 dekabr 2023-cü il tarixinə şirkətin işçilərinin sayı əvvəlki ilə nisbətən yüzdə 22 azalaraq 67 min 317 nəfərə düşüb.
ABŞ-nin e-ticarət nəhəngi Amazon da keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını dərc edib.
Hesabata görə, Amazonun 2023-cü ilin son rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 14 artaraq 170 milyard dollara çatıb.
Bazar gözləntiləri şirkətin 166 milyard dollar gəlir əldə etməsi idi. Şirkətin xalis satışları 2022-ci ilin dördüncü rübündə 149,2 milyard dollar olaraq qeydə alınıb.
Günəş Mərd
















