Aprel ayı olmasına baxmayaraq, son günlər havalar soyuq və küləkli keçir. Bu cür hava dəyişikliyinə səbəb nədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Bakıvaxtı.az-a bildirib ki, əslində, havalar soyuq keçmir: “Düzdür, küləkli günlərdə hava soyuq görünür, amma, hazırda temperatur iqlim normasından yüksəkdir. Soyuq keçən illər də olub. Bu da hava dəyişkənliyi ilə bağlıdır. Son 20 günü nəzərə alsaq, temperatur iqlim normasından 2-9 dərəcəyədək isti olub”.
G.Məmmədova deyib ki, aprelin 3 və 4-də isə temperatur iqlim normasından 11-13 dərəcə yüksək olub: “Aprelin 2-də Bakıda havanın maksimal temperaturu 30.1 dərəcə isti qeydə alınıb. Qeyd etdiyim kimi, son günlər küləkli hava müşahidə olunsa da, temperatur iqlim normasından yüksək olub”.
Direktor əvəzi qeyd edib ki, bu gün axşama doğru küləyin mülayimləşməsi müşahidə olunacaq: “Aprelin 22-23-24-ü ölkə ərazisində hava şəraiti mülayim olacaq, gün ərzində əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir”.
Aytac Aslan
















