Koronavirusa yoluxma hallarının azalması ilə Avropa ölkələrində epidemiya ilə əlaqədar görülən tədbirlər ləğv edilir.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) rəsmiləri mayın 16-dan etibarən hava limanlarında və uçuşlarda maska tələbinin qaldırılacağını açıqlayıb. Bununla belə, məcburi olmasa da, yenə də sərnişinlərin maska taxması tövsiyə olunur.
Almaniya hava məkanında uçuşlarda maskalar məcburi olaraq qalacaq. Ölkədə avtobus və qatar səfərlərində də maska taxmaq məcburiyyəti davam edir.
Avstriyada koronavirusla bağlı bütün səyahət məhdudiyyətləri ləğv edilib. Hökumətin verdiyi açıqlamada, yeni virus variantının ortaya çıxacağı təqdirdə test, qeydiyyat və karantin öhdəliyinin bərpa oluna biləcəyi bildirilib. "3G tələbi" kimi tanınan Avstriyada səyahət etmək üçün peyvənd olunmaq, müalicə olunmaq və ya neqativ test təqdim etmək tələb edilirdi.
Koronavirus tədbirlərinin yumşaldıldığı Fransada avtobus və qatarlarda maska tələbi götürülüb. Bu qərarla ölkədə yalnız qocalar evlərində və xəstəxanalarda maska taxmaq öhdəliyi davam edir. Ölkəyə glənlər peyvənd olunduqlarını, sağaldıqlarını və ya mənfi test nəticəsinin olduğunu göstərməlidirlər. Maska tələbinin yumşaldılmasından danışan Fransanın səhiyyə naziri Olivier Veran deyib ki, bu məhdudiyyətləri aradan qaldırmaq ölkənin strategiyamıza uyğundur. "Beşinci dalğanı tamamilə geridə qoymasaq da, vəziyyətin yaxşılaşdığını müşahidə edirik" deyə nazir qeyd edib.
Aytac Aslan
















