Son günlər Avropa siyasi səhnəsində müşahidə edilən ən önəmli məqamlardan biri, dövlət liderlərinin artıq açıq şəkildə hərbi ritorikaya keçməsidir.
Əgər indiyə qədər Qərb ölkələrinin yanaşması əsasən sanksiyalar və diplomatik təzyiqlərlə məhdudlaşırdısa, indi Avropa ictimaiyyətinə ünvanlanan “savaşa hazır olun” mesajları təhlükəsizlik mühitində köklü dəyişikliklərin baş verdiyini göstərir.
Xüsusilə Fransa və Almaniyanın paralel addımlar atması, Böyük Britaniyanın hərbi xərcləri artırması Qitədə yeni təhlükəsizlik inteqrasiyasının formalaşdığını nümayiş etdirir. Bu proses Avropa İttifaqının enerji strategiyası ilə NATO-nun kollektiv müdafiə prinsiplərini bir nöqtədə birləşdirir. Başqa sözlə, Avropanın iqtisadi-siyasi həmrəyliyi hərbi koordinasiya ilə tamamlanır.
Moskva ilə münasibətlərdə artan gərginlik həm enerji təhlükəsizliyi, həm də kiber və hava hücumları fonunda dərinləşir. Qərbdə narahatlıq yaradan əsas məqam ondan ibarətdir ki, Rusiya qarşıdurmanı yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də hibrid təhlükə vasitələri ilə davam etdirir. Bu isə Avropa dövlətlərini illərdir mövcud olan “soyuq müharibə” yanaşmasını kənara qoyaraq, real hərbi-siyasi hazırlıq mərhələsinə keçməyə vadar edir.
Hazırkı şəraitdə ABŞ-nin Avropadakı rolu daha da güclənir. Çünki həm NATO çərçivəsində, həm də ikitərəfli münasibətlərdə Vaşinqtonun hərbi dəstəyi olmadan Avropanın müdafiə potensialının yetərli olmayacağı aydındır. Eyni zamanda, Paris və Berlin kimi mərkəzi güclər də öz məsuliyyətlərini artıraraq qitənin təhlükəsizliyində liderlik ambisiyalarını ön plana çəkirlər.
Ən təhlükəli məqam isə odur ki, qarşılıqlı güc nümayişləri artıq təkcə diplomatik təzyiq vasitəsi kimi deyil, həm də hərbi qarşıdurma riskini real müstəviyə daşıyır. Əgər bu prosesə nəzarət mexanizmləri gücləndirilməsə, Avropa-Rusiya münasibətləri yeni və daha kəskin qarşıdurma dövrünə qədəm qoya bilər.
Ruslan Zəngəzur