Avtobuslar üçün ayrılmış zolağa daxil olan sürücülərlə tez-tez rastlaşırıq. Məhz buna görə də avtobuslar ləngiyir və bu da sərnişinlərin narazılığına səbəb olur.

Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, avtobuslar üçün ayrılmış zolağa daxil olub və zolaq boyunca hərəkət edən sürücülərə qarşı tədbir görülməsi BNA-nın səlahiyyətlərinə aid deyil:
“Amma o sürücü ki, avtomobilini zolağın üzərində park edir, bu halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ona qarşı Agentlik tərəfindən cərimə sanksiyası tətbiq edilir”.

Rüstəm Əhmədli
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Təbliğat bölməsinin insbektoru, polis-leytnant Rüstəm Əhmədli isə bildirib ki, avtobus zolaqlarına daxil olan sürücülər DYP tərəfindən mütəmadi nəzarətdə saxlanılır:
“Bakı şəhərinin bəzi ərazilərində sərnişinlərin fasiləsiz və rahat hərəkətini təşkil etmək üçün avtobuslar üçün ayrılmış zolaqlara daxil olan və sərnişin daşınmasına maneə törədən, onların hərəkətini məhdudlaşdıran sürücülərlə bağlı elektron qaydada protokol tərtib olunur və mərkəzi məlumat mərkəzinə ötürülür. Qeyd edim ki, bu, mütəmadi nəzarətdə saxlanır, gün ərzində protokollar tərtib olunur. Bir daha sürücülərimizin nəzərinə çatdırırıq ki, bu cür qayda pozuntularına qarşı tam diqqətli olsunlar, avtobus zolaqlarında sıxlığın yaranmasına səbəb olmasınlar. Eyni zamanda xəbərdarlıq üçün bir daha bildiririk ki, avtobusların hərəkəti üçün ayrılmış zolaqlar boyunca qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkətə üstünlük versinlər”.
“Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, avtobus zolaqlarına daxil olan sürücülər qırx manat məbləğində cərimə edilirlər”, - deyə R. Əhmədli bildirib.
Nuranə Daxilqızı
















