Uzun sürən sərin havadan sonra istilələrin düşməsi ictimai nəqliyyatda da rahatlıq məsələsini yenidən gündəmə gətirib. Xüsusilə səhər və axşam saatlarında avtobuslarda yaşanan sıxlıq sərnişinlərin narazılığını artırır.
Bir çox sərnişin bildirir ki, havanın temperaturu yüksəlsə də, ictimai nəqliyyatda soyutma sistemləri hələ də tam işlək vəziyyətdə deyil. Nəticədə qapalı və sıx mühitdə hərəkət etmək xeyli çətinləşir.
Bəs avtobuslarda kondisionerlər nə vaxt işləyəcək?
Bakıvaxtı.az-ın sorğusunu cavablandıran “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, şirəkətin avtobuslarının havasərinlədici sistemləri əvvəlcədən qəbul olunmuş proqrama əsdasən yoxlanılıb və texniki baxış keçirilib. Onun sözlərinə görə, müasir tipli avtobuslarımızın hər birində kondisionerlər işlək vəziyyətdədir:
"Hava şəraitindən asılı olaraq kondisionerlərin mərkəzləşdirilmiş qaydada qoşulması təmin ediləcək. Adətən hər il may ayının son günlərində hava şəraitinə uyğun olaraq kondisionerlər qoşulur".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə Bakıvaxtı.az-a bildirilib ki, bununla bağlı məlumat ictimaiyyətə açıqlanacaq.
Zeynəb Rzayeva
Bakı 




