• Bakı 16° C

    14.26 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Azərbaycan əlifbası dəyişiləcək? - Firudin Cəlilov AYDINLIQ GƏTİRDİ

CƏMİYYƏT

16 Sentyabr 2024 | 13:26

Azərbaycan əlifbası dəyişiləcək? - Firudin Cəlilov AYDINLIQ GƏTİRDİ

“İndi qəbul olunan ortaq türk əlifbası Azərbaycan əlifbasıdır. Bu əlifbadan istifadə də mümkün olacaq, amma proses uzun illər çəkəcək”.

Bunu Bakıvaxtı.az-a sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılığın əldə olunmasına münasibət bildirərkən deyib.

Professor qeyd edib ki, ortaq türk əlifbası 100 il öncə Azərbaycanda keçirilən Türkoloji Qurultayda qəbul olunub. Ondan da əvvəl Azərbaycan Demokrtatik Cümhuriyyəti ərəbin əvəzinə latın əlifbasını qəbul edib:

“Bunu hər kəs bilməlidir. Türk xalqları ortaq əlifbanı 1939-cu ilə qədər işlətdilər. 1939-cu ildə Stalin qadağa qoydu və hamısını rus əlifbasına - Kirilə keçirdi. Biz isə 1991-ci ildə ortaq türk əlifbasını qəbul etmişik. İndiki əlifbamız təkcə Azərbaycan əlifbası deyil, həm də ortaq türk əlifbasıdır. O vaxt Əlifba Dövlət Komissiyasının sədri idim. Layihəni hazırlayıb, parlamentdən keçirmişdim. Bu mənada prosesləri dəqiq bilirəm”.

“Bu əlifbaya ortaq adı nə zaman verildi” sualının cavabına gəlincə, alim vurğulayıb ki, 1991-ci ildə İstanbulda Ortaq Türk Əlifbası Simpoziumu keçirilib. Bu tədbir 3 gün davam edib. Bütün türkdilli ölkələrdən professorlar, akademiklər simpoziuma qatılıblar:

“Şübhəsiz, mən də orada idim. Həmin simpoziumda 34 hərfli ortaq türk əlifbasını qəbul etdik. O əlifbanı gətirib, ölkəmizdə parlamentdən keçirdim və o gündən Azərbaycanda ortaq türk əlifbası işlənir. Bunları bilmək lazımdır”.

Müsahibimiz bu mənada indiki halda ortaq türk əlifbasının qəbul edilməsini müsbət hadisə kimi qiymətləndirir:

“O vaxt qəbul etdiyimiz ortaq türk əlifbasını indi yenidən qəbul ediblər. Bircə dəyişiklik var. Biz o vaxt ortaq əlifbada “W” yazırdıq. Azərbaycan əlifbasında isə bu hərf yox idi, onu işlətmirik. Amma ortaq əlifbada var, onu dəyişib, “u” üstündə xətt ediblər. Bu dəyişikliyin də bizə aidiyyəti yoxdur, çünki Azərbaycan əlifbası ortaq əlifba olduğu üçün heç bir hərfi dəyişməyəcəyik”.

Ortaq türk əlifbasının 34 hərfdən ibarət olduğunu deyən F.Cəlilov qeyd edib ki, hansı xalqın dilində neçə danışıq səsi varsa, o qədər də hərf olmalıdır. Məsələn, tatarlar 34-nü də istifadə edir. Biz 32-sini istifadə edirik. Türkiyə 29-nu işlədir. Ən bərbadı da türk əlifbasıdır. Onlar da əlavələr etməlidirlər. Çünki dillərində həmin səslər var. Prinsip bundan ibarətdir ki, 34 hərfdən kənara çıxılmasın ki, hamı bir-birini oxuya bilsin. Bunu biz 1991-ci ildə İstanbulda baş tutan simpoziumda qəbul etmişik. İndi qəbul olunan onun təkrarıdır”.

Qeyd edək ki, sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.

Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib. Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.

Aydın Baxış


SON XƏBƏRLƏR

13 May 2025