Ötən gün Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında Azərbaycan və Mərkəzi Asiyanın böyük inkişaf potensialına malik vahid geosiyasi və iqtisadi region olduğunu bildirib.
"Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır".
Bəs Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı ölkəmizə geosiyasi baxımdan nə qazandırır?
Mövzu ilə bağlı politoloq Azər Qasımov fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Politoloq bildirib ki, Mərkəzi Asiya ölkələrinin regional əhəmiyyətini artıran əsas amillərdən biri onların Avropa ilə əlaqələrinin təmin olunmasında Azərbaycanın mühüm rola malik olmasıdır:
“Azərbaycan bu baxımdan Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət daşıyır. Təbii ki, bu əlaqələri dəyərli edən qarşılıqlı maraqlardır. Lakin biz bu münasibətlərə yalnız geosiyasi maraqlar çərçivəsində deyil, Türk qardaşlığı və birliyi prizmasından yanaşırıq.
Özbəkistan-Azərbaycan münasibətləri bu baxımdan xüsusi diqqət çəkir. Bu əlaqələr yalnız müasir geosiyasi maraqlarla deyil, tarixi proseslərlə də formalaşıb. Özbəkistanda vaxtilə Azərbaycandan deportasiya olunmuş böyük azərbaycanlı icması da yaşayır”.
A.Qasımov hesab edir ki, tarixi İpək yolunun dirçəldilməsi Asiya ilə Avropa arasında yeni ticarət marşrutlarının formalaşması baxımından mühüm geosiyasi əhəmiyyət daşıyır.
“Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin dünya bazarlarına çıxarılmasına da imkan yaradır. Azərbaycan isə bundan həm iqtisadi, həm də siyasi dividendlər əldə etməklə yanaşı, qardaş ölkələrlə münasibətlərini daha da dərinləşdirir”, - deyə politoloq qeyd edib.
Gülşən Şərif




