Azərbaycan və Pakistan arasında diplomatik əlaqələr daim qardaşlıq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanıb. Xüsusilə beynəlxalq müstəvidə hər iki ölkənin bir-birinə verdiyi siyasi dəstək münasibətlərin strateji mahiyyətini göstərir.
Xarici işlər nazirləri arasında keçirilən son görüş əməkdaşlığın yeni imkanlarını gündəmə gətirib.
Mövzu ətrafında fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, bu görüş iki ölkə arasında davamlı dialoqun nümunəsidir. Onun sözlərinə görə, Azərbaycan və Pakistan uzun illərdir bir-birinə yalnız siyasi dəstək göstərmir, həm də strateji tərəfdaşlıq ruhunda çıxış edir:
“Bayramovun həmkarı ilə görüşü qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Bu, ikitərəfli münasibətlərin davamlı inkişafı üçün mühüm siqnaldır”.
Müsahibimiz qeyd edib ki, görüşün nəticələri yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. İki ölkə regional məsələlərdə ortaq mövqelərin güclənməsinə nail ola bilər. Olitoloq bildirib kİ, bu, Cənubi Qafqaz və Cənubi Asiyada sabitliyin qorunmasına da müsbət təsir göstərəcək. Əlavə olaraq, beynəlxalq platformalarda Azərbaycan və Pakistanın bir-birinə dəstəyi daha da artacaq.
Züriyə Qarayeva: Azərbaycan Pakistan üçün tranzit qapısı rolunu oynaya bilər
Z.Qarayeva hesab edir ki, siyasi baxımdan bu əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir:
“Pakistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ məsələsində prinsipial mövqe nümayiş etdirib. Bu dəstəyin davam etməsi ölkəmizin regional və qlobal siyasətdə əlini gücləndirir. Beləliklə, Azərbaycan beynəlxalq təşkilatlarda daha geniş siyasi dayaqlar qazanır”.
İqtisadi əməkdaşlıqdan da danışan politoloq deyib ki, bu, ikitərəfli münasibətlərin ən perspektivli istiqamətlərindən biridir. Onun sözlərinə görə, enerji, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində birgə layihələr üçün geniş imkanlar mövcuddur:
“Pakistan bazarı Azərbaycan üçün yeni ixrac potensialı yarada bilər, eyni zamanda Azərbaycan da Pakistan üçün tranzit qapısı rolunu oynaya bilər. Bu əməkdaşlıq yalnız iqtisadi fayda gətirmir, həm də strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir”.
Zülfü Məmmədov