• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanda hüquqi maarifləndirmə: tələblər, perspektivlər, görülən işlər

LAYİHƏ

26 Iyul 2024 | 10:52

Azərbaycanda hüquqi maarifləndirmə: tələblər, perspektivlər, görülən işlər

6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Hüququn varlığının ən böyük təməli və yolu hüquqi maarifləndirmə prosesindən keçir. Bəs hüquqi maarifləndirmə nədir?

Hüquqi maarifləndirmə cəmiyyətin hüquqi biliklərini artırmaq və hüquqi mədəniyyəti inkişaf etdirmək məqsədilə həyata keçirilən əhəmiyyətli tədbirlər toplusudur. Bu prosesin əsas məqsədi vətəndaşların hüquq və vəzifələri haqqında daha geniş məlumat əldə etmələrini təmin etməkdir. Hüquqi maarifləndirmə yolu ilə insanlar hüquqi prosedurları və qanunları daha yaxşı başa düşür və hüquqlarını qorumaq üçün daha səmərəli yollar tapa bilirlər.

Bu maarifləndirmə tədbirləri təhsil müəssisələrində, iş yerlərində və ictimai yerlərdə təşkil edilə bilər. Hüquqi maarifləndirmənin effektiv olması üçün müxtəlif vasitələrdən istifadə olunur: seminarlar, təlimlər, broşuralar, elektron resurslar və sosial media kampaniyaları.

Bu tip tədbirlər gənclər arasında hüquqi bilikləri artırmaq üçün xüsusilə vacibdir. Belədə insanlar hüquq sistemini daha yaxşı başa düşərək hüquq pozuntularının qarşısını ala və daha məsuliyyətli vətəndaşlar ola bilərlər. Hüquqi maarifləndirmə vasitəsilə insanlar hüquqi mübahisələri sülh yolu ilə həll etmə bacarığını da əldə edirlər.

Dövlət qurumları və qeyri-hökumət təşkilatları hüquqi maarifləndirmənin təşkili və həyata keçirilməsində mühüm rol oynayırlar. Hüquqi maarifləndirmə həm də sosial ədalətin təmin olunmasına töhfə verir. Cəmiyyətdə hüquqi maarifləndirmənin səviyyəsinin yüksək olması, ümumilikdə, qanunların daha səmərəli tətbiqinə və hüquq sisteminə olan inamın artmasına səbəb olur.

Bəs Azərbaycanda hüquqi maarifləndirmə tədbirləri necə aparılır?

İnqilab Hüseynzadə:  Hüquqi maarifləndirmə cəmiyyətin daha dinc və ədalətli bir yer olmasına kömək edir

Ölkəmizdə həyata keçirilən hüquqi maarifləndirmə işləri ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında hüquqşünas İnqilab Hüseynzadə ilk növbədə hüquqi maarifləndirmənin əhəmiyyətindən söz açıb:

"Hüquqi maarifləndirmə fəaliyyəti insanların hüquqi yardıma olan tələbatını azalda bilər. Hüquqi biliklərin artırılması ilə vətəndaşlar daha az hüquqi problemlərlə üzləşir və hüquqi xidmətlərə olan ehtiyacları azalır. Nəticədə, hüquqi maarifləndirmə cəmiyyətin daha dinc və ədalətli bir yer olmasına kömək edir.Maariflənmiş cəmiyyətlərdə qanunlara hörmət və riayət etmə səviyyəsi yüksəlir. İnsanlar qanunların əhəmiyyətini və onları pozmanın nəticələrini daha yaxşı başa düşdükləri üçün qanun pozuntularından çəkinirlər".

Müsahibimiz bildirib ki, hal-hazırda ölkəmizdə hüquqi maarifləndirmə sahəsində ciddi addımlar atılır.

"Azərbaycanda hüquqi maarifləndirmə tədbirləri geniş miqyasda və müxtəlif formalarda həyata keçirilir. Bugünkü gündə ölkəmizdə dövlət və qeyri-hökumət təşkilatları, həmçinin beynəlxalq təşkilatlar hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün ciddi addımlar atırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ombudsman aparatı və digər dövlət qurumları hüquqi maarifləndirmə fəaliyyətləri həyata keçirir. Ədliyyə Nazirliyi qanunvericiliyin geniş kütləyə çatdırılması, hüquqi prosedurların izahı və hüquqi biliklərin artırılması məqsədilə müxtəlif tədbirlər təşkil edir. Konstitusion hüquqlarla ilə bağlı Konstitusiya Məhkəməsi hüququnun əhəmiyyəti və vətəndaşların konstitusiya hüquqları barədə məlumatlandırması ilə bağlı işlər görür.Ombudsman aparatı isə vətəndaşların hüquqlarının müdafiəsi və hüquqi biliklərinin artırılması məqsədilə müxtəlif seminarlar, təlimlər və konfranslar təşkil edir",- müsahibmiz bildirib.

Ayxan Məmmədli: Ölkəmizdə aparılan hüquqi maarifləndirmə tədbirləri böyük islahat yolu keçmişdir

Hüquqşünas Ayxan Məmmədli isə Bakıvaxtı.az-a beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının verdiyi töhfələrdən söz açıb:

"Ölkəmizdə aparılan hüquqi maarifləndirmə tədbirləri böyük islahat yolu keçib və bu gün yüksək səviyyəyə çatdırılıb. Danılmaz faktdır ki, dövlət qurumlarının bu sahədə həyata keçirdikləri tədbirlər öz müsbət təsirini büruzə verir. Lakin beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının da bu sahədə fəaliyyətindən söz açmaq lazımdır. BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi kimi beynəlxalq təşkilatlar Azərbaycanda hüquqi maarifləndirmə proqramlarına dəstək verirlər. Həmçinin, Azərbaycanda hüquqi maarifləndirmə ilə məşğul olan bir çox QHT fəaliyyət göstərir. Bunlar arasında "Hüquqi Yardım və Maarifləndirmə Cəmiyyəti", "Hüquq və İnkişaf İctimai Birliyi", "Hüquq və İnsan Haqları Mərkəzi" kimi təşkilatlar var".

Azərbaycanda ali təhsil müəssisələrində və gənclər tərəfindən açılmış hüquqi təşkilatların hüquqi maarifləndirmə və hüquq təhsili sahəsində mühüm rol oynadığını qeyd edən Ayxan Məmmədli diqqətə çatdırıb ki, bu təşkilatlar hüquqi biliklərin yayılması, hüquq sahəsində araşdırmaların aparılması və gənclərin hüquq təhsili almasına dəstək verməklə cəmiyyətə böyük töhfələr verir.

"Ali təhsil müəssisələrində və gənclər tərəfindən yaradılmış təşkilatlar son dövrdə geniş yayılmış tendensiyaya çevrilib. Belə təşkilatlardan "ELSA Azerbaijan", "ALSA Azerbaijan", "Femida Könüllüləri" təşkilatı, "Gənc Hüquqşünaslar İctimai Birliyi" və hüquq təhsili verən universitetlərin elmi cəmiyyətləri, gənclər təşkilatları xüsusi fəallığı ilə seçilir. Bu təşkilatlar yeni sistemə təkan verərək sosial mediada daha aktiv fəaliyyət göstərirlər, həmçinin, gənc hüquqşünasların bir arada toplaşıb fikir mübadiləsi aparmaları üçün simpoziumlar, konfranslar, tədbirlər təşkil edirlər",- müsahibimiz fikrini yekunlaşdırıb.

Son olaraq onu qeyd edək ki, sözügedən dövlət qurumlarının və təşkilatların fəaliyyəti nəticəsində Azərbaycanda hüquqi mədəniyyətin yüksəlməsi və hüquq sisteminin səmərəliliyinin artması müşahidə olunur. Bu təşkilatların təşəbbüsləri ilə vətəndaşlar arasında hüquq və vəzifələr haqqında məlumatlılıq artıb. Həmçinin, yaradılan təşkilatlar xüsusilə gənclərin hüquq təhsilinə və hüquqi biliklərinə olan marağını artırır, bu da gələcəkdə daha yaxşı hüquq mütəxəssislərinin yetişməsinə zəmin yaradır.

Ümumilikdə, hüquqi təşkilatların fəaliyyəti nəticəsində cəmiyyətdə qanunlara hörmət və hüquq sisteminə inam əhəmiyyətli dərəcədə yüksəlib.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

07 Sentyabr 2024