Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb.
AQTA tərəfindən Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.
Bütün bunlarla yanaşı, ilk dəfə olaraq Azərbaycandan Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilir.
Qeyd edək ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracının daha da genişləndirilməsinə səbəb olub. İxracın artması bu sahədə qida təhlükəsizliyi nəzarəti sisteminin inkişafının və Azərbaycanda sənaye quşçuluğunun beynəlxalq standartlara uyğun olmasının göstəricisidir.
Agentlik yerli istehsal qida məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılması, ixrac potensialının genişləndirilməsi istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini bundan sonra da davam etdirəcək.