q
  • Bakı 14° C

    16.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Babişin Bakı səfəri: regional dinamika və siyasi mesajlar

SİYASƏT

27 Aprel 2026 | 13:57

Babişin Bakı səfəri: regional dinamika və siyasi mesajlar

Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilk baxışdan adi diplomatik marşrut kimi görünsə də, əslində daha geniş geosiyasi kontekstdə oxunmalıdır. Bu səfər Çexiya Respublikasının Cənubi Qafqaz və Mərkəzi Asiya xəttində aktivliyini artırmaq niyyətini göstərir. Azərbaycanın bu marşrutda yer alması isə təsadüfi deyil.

Bakı artıq uzun müddətdir ki, regionda sabitlik və tranzit imkanları baxımından etibarlı tərəfdaş kimi qəbul olunur. Bu baxımdan səfər yeni mərhələ deyil, amma mövcud münasibətlərin daha açıq və praktik müstəviyə keçdiyini göstərir.

Azərbaycanla Çexiya arasında münasibətlər daha çox iqtisadi və enerji sahəsində formalaşıb. Çexiya Avropa daxilində sənaye və enerji təhlükəsizliyi məsələlərinə həssas yanaşan ölkələrdən biridir və bu kontekstdə Azərbaycanla əməkdaşlıq onun üçün alternativ imkanlar yaradır. Təhlükəsizlik sahəsində isə münasibətlər daha çox dolayı xarakter daşıyır. Yəni burada klassik hərbi ittifaqdan deyil, regional sabitliyin qorunması, enerji infrastrukturlarının təhlükəsizliyi və siyasi dialoqdan söhbət gedir. Diplomatik əlaqələr isə stabil və problemsiz xətt üzrə inkişaf edir.

Bu səfərin diqqət çəkən tərəflərindən biri onun regional xarakter daşımasıdır. Yəni təkcə Azərbaycan deyil, Mərkəzi Asiya ölkələri də bu marşrutdadır. Bu isə göstərir ki, Avropa ölkələri regiona artıq ayrı-ayrı dövlətlər kimi yox, vahid geosiyasi məkan kimi yanaşmağa başlayır. Azərbaycan isə bu məkan daxilində həm coğrafi, həm də siyasi baxımdan körpü rolunu oynayır. Bu status Bakının diplomatik manevr imkanlarını genişləndirir və onu daha cəlbedici tərəfdaşa çevirir.

Ümumilikdə belə səfərlər regionda balans siyasətinə incə, amma davamlı təsir göstərir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel işləməklə öz xarici siyasətində elastiklik saxlayır. Bu tip təmaslar ölkənin nə Qərbdən, nə də digər istiqamətlərdən asılı vəziyyətə düşməməsinə xidmət edir.

Nəticədə Azərbaycan həm Avropa ilə əlaqələrini dərinləşdirir, həm də region daxilində öz rolunu möhkəmləndirir. Bu isə uzunmüddətli perspektivdə siyasi sabitlik və strateji manevr üçün vacib üstünlük yaradır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR