Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
***
12:35
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.
Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.
Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
12:02
Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın baş verən əraziyə 5 əsas, 2 xüsusi yanğısöndürən texnika cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
***
11:48
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
Bakıvaxtı.az xəbər verir ki, əraziyə 6-a yaxın yanğınsöndürən avtomobili cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.
***
11:33
Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülürü", NİİM-dən bildirilib.
***
11:05
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.