• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakivaxti.az yazdı, “Baktelecom” REAKSİYA VERDİ  

İQTİSADİYYAT

15 Noyabr 2021 | 10:27

Bakivaxti.az yazdı, “Baktelecom” REAKSİYA VERDİ

“Bakı Telefon Rabitəsi” MMC Bakıvaxtı.az xəbər portalında dərc olunmuş “Baktelecom”un yeni “gəlir mənbəyi”: “İnterneti kəsir, şikayət zənglərindən pul qazanır” başlıqlı xəbərə mövqeyini bildirib. 

“Baktelecom”un Bakıvaxtı.az-ın sorğusuna verdiyi cavabı təqdim edirik: 

“İlk öncə xidmət sahəmizlə bağlı neqativ halları işıqlandırdığınız və bizi daha keyfiyyətli xidmət göstərməyə təşviq etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

Nəzərinizə çatdırırıq ki, son günlər vətəndaşlardan “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) aidiyyəti struktur bölmələrinə internet xidmətində kəsintilərlə bağlı kütləvi müraciət daxil olmayıb.

Redaksiyanızdan telekommunikasiya xidmətlərində çətinlikləri olan müraciətçilərin məlumatları təqdim olunarsa tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

Əlavə olaraq bildiririk ki, 155 Çağrı Mərkəzinə stasionar (sabit) telefon şəbəkəsindən edilən zənglər ödənişsizdir. Eyni zamanda müraciətçilər üçün baktelecom.az saytı üzərindən “mənə zəng edin” funksiyası ilə 155 xidmətinə çıxış imkanı yaradılıb. Bu funksiya vasitəsi ilə istifadəçi seçdiyi saata uyğun olaraq Çağrı Mərkəzi operatorunun zəngini sifariş edə bilər.

Qeyd edək ki, “Baktelecom” Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin müasir standartlarla təşkili istiqamətində irimiqyaslı layihələrini davam etdirir. “Strateji Yol Xəritəsi”nə əsaslanaraq genişzolaqlı telekommunikasiya infrastrukturunun qurulması istiqamətində “Evədək optika” layihəsinin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Artıq 230 000 istifadəçi tutumlu optik şəbəkə üzərindən 150 000 mənzilə müasir standartlarla rabitə xidmətləri təqdim edilir.

Baktelecom xüsusi ilə telekommunikasiya infrastrukturu məhdud ərazilərdə və yeni salınan yaşayış massivlərində sakinlərin telefon və internet xidmətlərinə tələbatını ödəmək üçün Bakıətrafı bütün kəndlərdə optik şəbəkənin inşasını sürətləndirib. Bu da növbəti ildə daha çox müraciətçinin rabitə xidmətləri ilə təminatına imkan yaradacaq.

Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Baktelecom-un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecom  https://twitter.com/baktelecom  https://www.instagram.com/baktelecom.az/)mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR