• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib

SİYASƏT

02 Dekabr 2024 | 13:53

Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib

Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb:

"Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb".

Q.Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb:

"Eyni zamanda istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib".

O, bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varislərinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını qeyd edib:

"Həmçinin 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub".

Baş Prokurorluq rəsmisi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin istintaqının bir əhəmiyyəti də müxtəlif sübutlar və tədqiqat nümunələrinin ayrı-ayrı qurumlardan, tarixçilərdən və ya araşdırmaçılardan toplanmasıdır:

“Hazırkı mərhələdə bu cinayətlərin törədilməsini təsdiq edən mötəbər sübutların vahid mərkəzdə, cinayət işi materiallarında toplanmasına çalışırıq. Eyni zamanda müxtəlif xarici ölkələrə qeyd edilən cinayət hadisələri ilə əlaqədar məlumatların əldə olunması üçün beynəlxalq hüquqi yardımlar göndərilib, bir sıra hallarda zəruri sənədlər əldə olunub".

Q.Məmmədov söyləyib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş əməllər üzrə deyil, o cümlədən əsrin əvvəllərində törədilmiş əməllər üzrə xarici ölkələrin mətbuat qurumlarında dərc olunmuş ermənilərin qərbi azərbaycanlılara qarşı törətdikləri cinayətləri özündə əks etdirən mötəbər sübutlar iş materiallarına əlavə olunub:

"Bu istiqamətdə istintaq tədbirləri davam etdirilir və gələcəkdə də ictimaiyyət məlumatlandırılacaq”.


SON XƏBƏRLƏR