• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Belə havanın “Pasxa” ilə əlaqəsi varmı?

CƏMİYYƏT

13 Aprel 2022 | 14:03 | Müəllif: Qalib İbrahimoğlu

Belə havanın “Pasxa” ilə əlaqəsi varmı?

Son günlər ölkə ərazisində soyuq hava şəraiti müşahidə olunur. Küləkli, soyuq, çənli-dumanlı havanı əksəriyyət xristianların “Pasxa”, yəhudilərin “Pasxey” bayramı ilə əlaqələndirirlər. Deyilənlərdə həqiqət yükü nə qədərdi?

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən ƏliyevBakıvaxtı.az-a deyib ki, “Boz ay”dan sonrakı günləri xalq “Qarayaz”, “Leysan” ayı adlandırıb. Torpaq hələ tam göyərməyib, bəzi yerlərdə yaz şumu aparılıb və ya şuma hazırlıq görülür. Xalq təqviminə görə, “biçinə yüz əlli gün” qalıb. Bir tərəfdən də döl ayıdır. Soyuq hələ canımızdan çıxmayıb, hərdən qış özünü yada salır.

Onun sözlərinə görə, qarayazda ən çox yadda qalan “Qarının borcu” (təxminən 15 aprelədək) və ya “Danaqıran” adlandırılan günlərdir: “Çox yəqin ki, bu günlər təbiət hadisələri, iqlimlə sıx bağlıdır, xalq isə bunu əfsanələşdirib, mifləşdirib...

“Qarının borcu” haqqında əfsanəyə görə, yazın gəlməsinə sevinən qarı başlayıb oynayıb-oxumağa:

Qış gözünə barmağım,

Yaza çıxdı, oğlağım.

Qışın bu sözlərə acığı tutur. Zalım qış! Qarıdı də! Deyib, deyib də...

Sanki neçə ay idi ki, qışın camaatı dondurması az imiş...Qış yazdan 3 gün borc istəyir. Yaz fikirləşib ki, hərdən qış da mənə borc gün verir. Daha deməyib ki, qış qışdır, onda insaf deyilən şey yoxdur...”

Rəvayətə görə, qarı olanlardan xəbərsizmiş, nə bilsin ki, qış onun oğlaqlarına tor qurub: “Səhər hava yaxşı imiş, qarı oğlaqlarını örüşə buraxır. Zülmkar qış bütün qəzəbini qarının oğlaqlarının üstünə tökür. Qar yağır, çovğun başlayır, qarının oğlaqları yolu azır, soyuqdan, şaxtadan donub ölürlər.

Yazıq qarı oğlaqları böyüdəcəyinə, dıbır olacağına ümid edirdi. Dolanacaqdı, keçiləri artacaqdı. Boş yerə deməyiblər ha, “keçi kasıbın inəyidir”.

B.Əliyev deyir ki, böyük şairimiz Əhməd Cavad təxminən 80 il əvvəl “Qarının borcu” şeirində xalqımızın ruhunu əks etdirib.

Müsahibimizə görə, “Qarının borcu”ndan 15 gün keçəndən sonra deyərdilər ki, yazın “qırxı” çıxdı. “Yazın qırxı” çıxandan sonra yaz şumu başlayardı.

Xalq təqviminə görə, yazın son dövrü 20 gün davam edir və bu müddətə  “qızılgül” dövrü də deyilirdi. “Qızılgül” dövrü “arpa biçini” və ya “arpaya cin çəkilən” dövr kimi də tanınır. Tarixən Bakıda və bəzi bölgələrimizdə Novruzdan sonra “Güləkən” mərasimi keçirilib, qızılgül, müxtəlif güllər əkilib...

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR