• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Bir ocağın alovu: Türk dünyasını birləşdirən mədəniyyət

SİYASƏT

09 Oktyabr 2025 | 13:34

Bir ocağın alovu: Türk dünyasını birləşdirən mədəniyyət

Müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin rolu getdikcə artmaqdadır.

Bu kontekstdə Türk Dövlətləri Təşkilatı (TDT) öz dinamik fəaliyyəti və çoxşaxəli əməkdaşlıq formatı ilə xüsusilə fərqlənir. Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və dəyərləri əsasında formalaşan bu təşkilat, artıq təkcə siyasi və iqtisadi maraqlar müstəvisində deyil, həm də mədəni, təhsil, informasiya və humanitar sahələrdə inteqrasiyanın aparıcı qüvvəsinə çevrilib.

Qəbələdə keçirilən Zirvə görüşü də bu prosesin növbəti mühüm mərhələsini təşkil edərək, Türk dünyasının gələcəyinə dair yeni strateji istiqamətləri müəyyənləşdirdi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü  Ülviyyə Həmzəyeva bildirib ki, Türk Dövlətləri Təşkilatı bu gün təkcə siyasi, iqtisadi və strateji əməkdaşlığı ilə deyil, həm də təhsil, mədəniyyət, informasiya və humanitar sahələrdə gördüyü işlərlə ümumtürk birliyini möhkəmləndirən ən mühüm beynəlxalq platformaya çevrilməkdədir:

"Qəbələdə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, təşkilatın gələcəyi yalnız iqtisadi güclə deyil, ortaq dəyərlərin qorunması və nəsildən-nəslə ötürülməsi ilə təmin edilə bilər. Məhz bu səbəbdən türk dövlətlərinin liderləri mədəni irsin qorunması, ortaq tarixin tədrisə daxil edilməsi, informasiya məkanında birgə çıxış edilməsi və gənclər arasında mübadilənin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul etdilər".

Onun sözlərinə görə, təhsil sahəsində qarşıya qoyulan məqsədlər türk gənclərinin daha sıx inteqrasiyasına xidmət edir. Universitetlər arasında tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların təşkili və gənclər forumlarının keçirilməsi gələcək liderlərin ümumi dəyərlərlə yetişməsinə imkan verəcək:

“Türk Dünyası Gənclər Strategiyası” bu istiqamətdə yol xəritəsi kimi çıxış edir. Bu sənəd yalnız gənclərin qarşılıqlı tanışlığını deyil, həm də ortaq ideallar əsasında düşünən yeni nəsil liderlərin formalaşmasını nəzərdə tutur. Mədəniyyət və informasiya sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Ortaq media platformalarının yaradılması, birgə film və televiziya layihələrinin həyata keçirilməsi türk xalqlarının mədəni yaxınlığını gücləndirməklə yanaşı, onların beynəlxalq aləmdə daha geniş təbliğinə imkan yaradacaq".

Ülviyyə Həmzəyeva: Bu gün atılan addımlar sübut edir ki, türk dövlətlərinin birliyi artıq dönməz reallıqdır

Deputat həmçinin əlavə edib ki, dezinformasiyanın qarşısının alınması və türk dünyasının uğurlarının dünyaya təqdim edilməsi baxımından da bu təşəbbüslər strateji önəm daşıyır:

"Mədəni irsin qorunması, ortaq tarix və klassik ədəbiyyat nümunələrinin tədris proqramlarında özünə geniş yer alması gələcək nəsillərin milli kimlik üzərində böyüməsini təmin edəcək. Bu istiqamətdə TDT-nin “Mədəniyyət Paytaxtı” təşəbbüsü simvolik və praktiki baxımdan çox əhəmiyyətlidir. Hər il bir türk şəhərinin mədəniyyət paytaxtı elan olunması həmin şəhərin beynəlxalq səviyyədə tanıdılmasına və ortaq yaradıcılıq potensialının inkişafına güclü təkan verir".

Parlament üzvü diqqətə çatdırıb ki, Azərbaycan bütün bu sahələrdə fəal mövqeyi ilə seçilir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində ölkəmiz yalnız iqtisadi və siyasi deyil, həm də mədəniyyət və humanitar əməkdaşlıq istiqamətlərində TDT-nin aparıcı qüvvəsinə çevrilib:

"Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması bu baxımdan tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın həm mədəniyyət diplomatiyasında, həm də ümumtürk birliyində oynadığı rolu daha da gücləndirdi. Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız siyasi, iqtisadi və strateji deyil, eyni zamanda mədəni, təhsil, informasiya və humanitar sahələrdə də birliyi gücləndirən, xalqları bir araya gətirən güclü beynəlxalq platformaya çevrilməkdədir. Azərbaycanın fəal iştirakı və Prezident İlham Əliyevin liderliyi isə bu çoxşaxəli əməkdaşlığın uğurla həyata keçirilməsinə təminat verir. Bu gün atılan addımlar sübut edir ki, türk dövlətlərinin birliyi artıq dönməz reallıqdır. Türk dünyasının sabahı daha aydın, daha güclü və daha parlaqdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Oktyabr 2025