• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bitməyən mübahisə: “Vəzifəyə getmək üçün...” 

CƏMİYYƏT

13 Oktyabr 2021 | 13:46

Bitməyən mübahisə: “Vəzifəyə getmək üçün...”

Hər il yeni tədris ilinin əvvəlində eyni mövzu aktuallaşaraq alovlanır. Sonra da yeni tədris ilinə qədər tədricən sönüb gedir. Biz də yanan bu ocağa bir-iki köz atmaq istədik. Bəs niyə bizim valideynlər övladlarının rus dilində təhsil almasına bu qədər həvəslidirlər?!
Son illərdə “bizimkilər” nə yolla olursa olsun, uşaqlarını rus bölməsində oxutmağa çalışırlar. Nədənsə rus bölməsində oxusalar daha savadlı və mədəni olacaqlarını düşünürlər. Yaxından tanıdığım, rus dilini bilməyən və övladları bu dildə təhsil alan çox sayda insan var. Bəziləri özlərinin əldən verdikləri fürsət kimi, bəziləri daha hörmətli olduğunu hesab etdiyi üçün məktəbə getmədən əvvəl övladlarının anlayışı belə olmadığı, ailədə danışılmayan dildə təhsilə üstünlük verirlər. Kənddə yaşayan bir yaxının nəvəsinin ala-yarımçıq rus dilində danışdığı videonu ətrafına göstərib qürurlandığı məndə təəssüf doğurmuşdu. Onlar anlamırlar ki, uşaq təhsil aldığı dildə də fikirləşməlidir. Anasının dilində fikirləşən və daha sonra bu fikri beynində rus dilinə tərcümə edən körpənin aldığı məlumatları və gəldikləri nəticələri “emal” etməsi çox çətin olur. 11 il təhsil alan fərdin illərinin çoxu dil öyrənməyə sərf edilir. Bəlkə o uşaq ana dilində təhsil alsaydı xalqı, ölkəsi üçün daha faydalı olardı. Rus dilini də ingilis və digər dilləri öyrəndiyi kimi kurslarda da mükəmməl şəkildə öyrənə bilərdi.
Rus dili olduqca zəngin və mürəkkəb qrammatikası olan dildir, onu öyrənmək də olduqca çətindir. Bir neçə il bundan öncə Bakı şəhərinin orta məktəblərin birində rus bölməsinin 6 və 7-ci siniflərində keçirilən monitorinqdə iştirak edirdim. Şagirdlərin çoxu rus atalar sözlərinin məğzini anlamırdı. Çünki uşaq da, ailəsi də Azərbaycan dili təfəkkürlü idilər. Hətta müəllimi bəzi valideynlərin rus dili müəlliməsi olduğunu desə belə... 
Mən Azərbaycan bölməsindən məzun olan və rus dilini çox gözəl bilən kifayət qədər insan tanıyıram. Hər hansı dili bilmək üçün 11 il olduqca böyük müddətdir. Ölkə xaricində təhsil alan çoxlu tələbə tanıyıram ki, orta təhsili heç də o dildə almayıb.  Ona görə də övladlarımızın dildən əvvəl elm öyrənməsinə çalışaq. 
 Sovetin dövründə rus bölməsində əsasən erməni və rus uşaqları oxuyurdu. Onlar da Azərbaycan bölməsində oxuyanlara yuxarıdan aşağı baxardılar. Onlar da indiki bəzi soydaşlarımız kimi Azərbaycan bölməsini xor görürdülər. O vaxtlar qonşumuz olan və rus məktəbində oxuyan erməni uşaqlarının hamısı “avara”, ali təhsil alanı da tək-tük olardı nədənsə. Oğlanlar əsasən usta və ya sürücü, qızlar da “parixmaxer” və ya katibə. Məni bağçaya rus bölməsinə qoyan atam orada oxuyan gənclərin yaxında olan istirahət parkındakı xalqa açıq “tamaşalarından” sonra rus məktəbi fikrindən birdəfəlik daşındı. 
Biz indi müstəqil ölkəyik. Dövlətimizin rəsmi dili də ana dilimizdir. Kimə isə mədəni və ya savadlı görünmək, vəzifəyə getmək və s. üçün bizi sevməyən millətin dilində təhsil almağa da məcbur deyilik. Məcbur olduğumuzsa dilimizə də bayrağımız, dövlətimiz, kimi hörmət etməkdir.  
Məktəblərmizdə rus bölmələrinin həndəsi silsilə ilə sayının artmasının millətimizin geninə də təsir edəcəyi fikrindəyəm. Mənimlə razılaşmayan yüzlərlə insan ola bilər. Onu da deyim ki, yaxın ətrafımda da rus dilini mükəmməl bilən, türkçü, turançı dostlarım da az deyil. Təbii ki, burada yetişdikləri ailə və mühit faktorunu da unutmamaq lazımdır. Özündən sonrakı ikinci, üçüncü nəslinin də eyni əqidəyə sahib olacağına kim təminat verə bilər?! Mətbuatdan hamının yaxşı tanıdığı, dilimizi bərbad halda danışan və oğlu düşmən millətlə evlənən və bunu normal hal kimi qəbul edib, toy-büsat quran sabit məmurun atasının türk-müsəlman əqidəli, vətənpərvər bir insan olduğunu oxuyanda çox təəccüblənmişdim. Rusbaşlı bir məmurun Türkiyədə təhsil almış savadlı mütəxəssisin “Ankaranın agenti” deyə işə qəbul etməməsi belələrini bir başa “Moskva agenti” olması deyilmi?    
Dilçilik elmində belə bir anlayış var. Dil o dildə danışan sonuncu insan yaşayana qədər o dil ölü hesab edilmir. Bir millətin əsas atributlarından ən önəmlisi dildir. Əgər biz özümüzə hörmət etmiriksə, başqasından bunu necə gözləyə bilərik?! Siz övladınızın bizi sevməyən millətin dilində  təhsil almasını arzuladığınız zaman üçüncü nəslinizi də düşünün...
P.S. Son illərdə DİM tərəfindən keçirilən qəbul imtahanlarında rus bölməsindən məzunları arasında neçə nəfər 700 bal toplayıb? Valideynlərin çoxu rus bölməsi məzunlarının daha aşağı balla qəbul olunduğu ilə təsəlli tapırlar. Lakin on il sonra bu tənasüb kəskin şəkildə dəyişəcəkdir.

Dr. Kəmalə Ələkbərova,

Azərbaycan Dövlət Tərcümə Mərkəzi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR