İran illərdir dini ideoloji təsir mexanizmləri vasitəsilə Gürcüstandakı azərbaycanlılara nüfuz etməyə, onları ələ almağa cəhd göstərir. Bu fəaliyyətlər əsasən dini sektorlar və radikal qruplar üzərindən həyata keçirilir. Məqsəd ictimai rəyə təsir göstərmək, dövlət institutlarına qarşı etimadsızlıq yaratmaqdır.
Xüsusilə qeyd etmək lazımdır ki, bu proseslər təkcə ideoloji deyil, eyni zamanda siyasi xarakter daşıyır. İran müxtəlif vasitələrlə bölgədə öz təsir dairəsini genişləndirməyə çalışır. Ekspertlərə görə, bu cür fəaliyyətlər dini motiv kimi təqdim olunsa da, əslində regionda sabitliyi pozmağa, geosiyasi maraqlara xidmət edir. Ümumən isə hesab edilir ki, Gürcüstanda Azərbaycan icması arasında bu cür təsirlərin yayılması ciddi təhlükə mənbəyidir.
Hazırda Gürcüstanda olan tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli mövzu ilə bağlı Bakıvaxti.az-a açıqlamasında bu məsələnin yeni olmadığını, vaxtı ilə mövzuya dair mətbuat konfransı keçirdiyini, ictimai diqqəti bu məsələyə yönəltməyə çalışdığını deyib.
Z.Məmmədli vurğulayıb k, İran Borçalıda cahil təbəqə formalaşdıraraq insanları fars şovinizminin maraqlarına uyğun istismar etmək niyyəti güdür:
“Bu, ümumi götürdükdə, İranın bölgədə və digər regionlarda proksi qüvvələr hazırlama texnologiyasıdır. Əgər region ölkələrinə nəzər salsaq, hər birinin içində silahlı dəstələrin olduğunu görərərik. İndi də İran sərhədindən kənarda müəyyən təxribatlar törətməklə məşğuldurlar. Bu gün İranın üzərinə yağan bombaların kökündə də həmin proksi qüvvələrin mövcudluğu durur. İran demokratik seçkilər keçirə, dünyəvi dövlət ola bilmir, ölkədə insanların hüquq və azadlıqları ciddi şəkildə pozulur. Gürcüstan Azərbaycanla strateji dövlətdir və ortaq dəyərlərimiz var. Yüzillər, minillər boyunca bir yerdə yaşamış millətlərik. Aramızda müəyyən fikir ayrılıqları olsa da, kəskin qarşıdurmalar, böyük müharibələr olmayıb. Bundan sonra da olmayacaq. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı həm Avropanın, həm də Türkiyənin təhlükəsizliyi üçün çox önəmlidir”.
Ekspert əlavə edib ki, İran Gürcüstanda tədrisdən, təhsildən yayındırmaqla ələ aldığı insanları Azərbaycan və Türkiyə əleyhinə istifadə edir:
“İran çalışır ki, bu bölgədə aparıcı millətin mədəniyyəti inkişaf etməsin. Hətta çox cəsarətlə deyirəm ki, vaxtı ilə Gürcüstanda həyata keçirdiyimiz Borçalı türklərinin Elat mədəniyyəti gününü əngəlləyən qüvvələrdən biri İranın Gürcüstandakı casus şəbəkəsi idi. Onlar hər zaman türklüyə qarşı savaşdadırlar”.
Müsahibimiz vurğulayıb ki, növbəti hədəflərdən biri Türkiyə və Azərbaycan arasındakı Axıska türkləri və Borçalı türkləri və Azərbaycandan ibarət mükəmməl etnik zolağı bağlamaqdır. Onun dediyinə görə, ermənilər artıq fərqli müstəviyə gəlsələr də, farslar öz işlərini görəcəklər:
“Lakin düşünürəm ki, İranın Borçalıda “mayası batacaq”. Borçalı 250 milyonluq türk dünyasının nüfuz etdiyi, diqqətində olan bir bölgədir. Gürcüstanın özü də gözəl anlayır ki, Türkiyə və Azərbaycansız daha güclü, daha güvənli ölkə çox çətindir”.

Zəlimxan Məmmədli: İran Gürcüstanda ələ aldığı insanları Azərbaycan və Türkiyə əleyhinə istifadə edir
Zəlimxan Məmmədli qeyd edib ki, Borçalıda tarixən sufi düşüncəsinin inkişaf etdiyi bir bölgədə heç zaman sünni-şiə qarşıdurması olmayıb:
“Amma indi bunun elementləri görünür. Bu bölücülüyün də baş aktyoru Tehrandır”.
Məzhəb bölücülüyünün dərinləşməsinin ciddi təhlükə olduğunu deyən Z.Məmmədli vurğulayıb ki, hər halda Azərbaycan diqqətli olmalıdır. Onun sözlərinə görə, ölkəmizin dini siyasətindəki bəzi yanlışlıqlar həm də Gürcüstanda həqiqi İslamın təhrif olunmuş formada təbliğinə şərait yaradır:
“Azərbaycanın üzərinə ciddi bir öhdəlik düşür. Biz Gürcüstanda yaşayan 500 min soydaşımızın dini siyasətinin düzgün yönəldilməsində payçı olmalıyıq. Leqal olaraq gürcü hökuməti, dini rəhbərləri ilə bu məsələni müzakirə etməlidirlər. Yeni dünya Qafqazın bütövlüyünü diktə edir”.
Aydın Baxış
Bakı 



