Sony şirkəti Playstation VR 2 cihazının xarici görünüşünü ilk dəfə sərgiləyib.
Bakıvaxtı.az technote.az-a istinadla xəbər verir ki, sərgilənmiş xarici görünüşdən də görmək olar ki, VR cihazın dizaynı idarəetmə gamepadlarının dizaynı kimi dairəvi formaya sahibdir. Sony rəsmi şəkildə bildirib ki, istifadəçilər Playstation VR 2 sayəsində 360 dərəcəlik təsviri hiss edə biləcəklər. Bundan əlavə olaraq VR cihazın dizaynı həmçinin Playstation 5-in dizaynından ilhamlanıb.

Sony bildirib ki, VR cihazın müxtəlif ölçülü baş hissəsində rahat şəkildə istifadəsi üçün onu uzun müddət ərzində test edib. Birinci nəsil Playstation VR-da olmuş müsbət özəlliklər Playstation VR 2-yə də inteqrasiya edilib. Buna misal olaraq istifadəçi üzündən ekrana kimi olan məsafənin ayarlanmasını və qulaqlıqlar üçün nəzərdə tutulmuş girişin rahat yerdə yerləşdirilməsini gətirmək olar. Bununla belə Playstation VR 2 yeni özəlliklər də əldə edib. Onlar aşağıdakılardır:
- Obyektivin ayarlanması diski. Linzalar üçün təsvirin optimizasiyası yolunda istifadəçi daha geniş imkanlara sahib olacaq
- Daha kiçik çəki və ölçü
- İstifadəçinin oyunlardakı əhatəni müəyyən səviyyədə hiss etməsi üçün yeni nəsil vibromotorlar
- Linzaların tərləməməsi üçün havalandırma çıxışının yeni dizaynı.

Daha əvvəl Sony bildirmişdi ki, Playstation VR 2 2000x2040 piksel keyfiyyətli 2 ədəd OLED ekran ilə təchiz olunub. Ekranlar 110 dərəcəlik baxış bucağına, 90-120 Hz-lik təsvir yenilənməsinə və 4K HDR dəstəyinə sahibdirlər. VR cihazın gövdəsinə 4 ədəd kamera yerləşdirilib. Həmin kameralar cihazın və onun idarəetmə gamepadlarının hərəkətlərini izləyirlər. Cihazın daxilində həmçinin infraqırmızı kameralar var və onlar istifadəçi gözlərinin hərəkətlərini izləyirlər. Sony Playstation VR 2-nin hansı qiymətə satılacağı barəsində hələ məlumat verməyib.

















