Bayramdan sonra yaranan ən böyük problemlərdən biri də qida zəhərlənməsidir. Belə ki, əksəriyyət bayram günündən qalan yeməkləri iki, hətta üç gün saxlayır. Nəticədə yemək köhnəlir və zəhərlənmə baş verir.
Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a bildirib ki, çox vaxt bayramdan qalan yeməkləri günlərlə saxlayırlar: “Bu da qida zəhərlənməsinə yol açır. Zəhərlənmə halları qidanın süfrədə nə qədər qalmasından, düzgün emal olunub-olunmamasından, təzəliyindən, mikrobioloji çirklənməyə məruz qalmasından asılıdır".
Onun sözlərinə görə, bundan başqa, əgər süfrəyə təqdim edilmiş məhsullar, xüsusən də ət, toyuq və balıq kimi riskli qidalar süfrədə 2-3 saatdan çox qalıbsa, məhv edilməlidir: "Onu saxlayıb yemək də olmaz. Əgər süfrədə iki saatdan az qalıbsa, sıxıntı deyil, soyuducuda iki gün saxlayıb istehlak etmək olar”.
Mütəxəssis qeyd edib ki, ən çox mayonezli salatlar zəhərlənmə verir: “Çünki salatı düzəldib otaq temperaturunda saxlayırıq. Otaq temperaturu mikrobioloji çirklənmənin başlıca səbəblərindən biridir. Ona görə, qida zəhərlənməsi baş verə bilir. Yaxşı olar ki, mayonez, yumurta, didilmiş toyuq əti, balıq və qırmızı ət ilə hazırlanmış salatları, yeməkləri otaq temperaturunda saxlamasınlar. Süfrəyə təqdim edəcəklərsə, iki saat ərzində istehlak olunmalıdır”.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Ülviyyə Cəlilova isə “AzərTAc”a deyib ki, Novruz bayramında bir neçə çeşid xörək və şirniyyat bişirildiyindən sonrakı günlərdə də onlardan istifadə edilir. Həmin xörəklər bir neçə dəfə qızdırıldığından orqanizm üçün təhlükəli hesab olunur.
“Boyat qidaların istehlakı tövsiyə edilmir, xüsusilə bu, toyuq, göbələk, mayonezli məhsullara addir. Mayonezi daha çox qatıq, qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Boyat plovun istehlakı orqanizmdə ciddi fəsadlara səbəb olur, çünki düyünün tərkibində olan bakteriyalar bişirildiyi zaman məhv olmaya və onu yenidən qızdırarkən toksiki maddələr ifraz edilərək qida zəhərlənməsinə aparıb çıxara bilər”, - deyə o bildirib.
Mütəxəssis bildirib ki, isti yeməklərin dərhal soyuducuya yerləşdirilməsi rütubətin artmasına və qidaların tərkibində zərərli bakteriyaların yaranmasına yol açır. Xüsusən boyanan yumurtalarda kimyəvi maddələrdən istifadə olunması onun dərhal istifadəsini zəruri edir.
Onun dediyinə görə, bəzi qidalar var ki, onun istehlakı zamanı dad və qoxusundan qida zəhərlənməsinə səbəb olacağı hiss olunmur, çünki bəzi bakteriayalar özünü büruzə vermir.
Aytac Aslan
















