• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu gün Yel çərşənbəsidir

CƏMİYYƏT

07 Mart 2023 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün Yel çərşənbəsidir

Bu gün Novruz bayramının növbəti çərşənbəsi - Yel çərşənbəsidir.

Bakıvaxtı.az xəbər verir ki, Novruz çərşənbələrinin üçüncüsü xalq arasında “Gül çərşənbə”, “Yelli çərşənbə”, “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Ata-baba günü çərşənbəsi”, “Ölü çərşənbə” və s. adlarla tanınır.

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasınınn dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təbiətin oyanmasının, canlanmasının əsas şərtlərindən biri havanın qızması ilə bağlıdır: “Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qar əriməyə başlayır, suyun buzu sınır, torpağın canına hərarət hopur, yağışlar torpağa can verməyə başlayır. El arasında “Gül çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə meşələrdə, çöllərdə novruzgülü açır. Uşaqlar, gənclər həmin güldən toplayaraq çərşənbə xonçasına qoyur, eyni zamanda, “Yaz nübarıdır” deyə hamını muştuluqlayırlar. Məhz novruzgülü ilə əlaqədar olaraq həmin çərşənbəyə “Gül çərşənbəsi” də deyirlər”.

Onun sözlərinə görə, əsasən, xalq arasında Yel çərşənbəsi kimi tanınan bu çərşənbə təbiətdə oyanmanın, canlanmanın şərtlərindən biri olan hava, yel ilə bağlıdır: “Bu günə həm də xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə” də deyilir. Yel çərşənbəsi təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək son köçünü edir”.

İlkin təsəvvürə görə, çərşənbədə oyanan külək yer üzünü gəzir, suyu, odu hərəkətə gətirməklə ona yeni nəfəs verir. Həmin günlərdə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir. Mifoloji düşüncəyə görə, “qara nəhrdə yatmış 4 cür külək“ yer üzünə çıxıb özü təmizlənməklə yanaşı, bu çərşənbədə ağacların budaqlarını da yellədərək onları qış yuxusundan ayıldır.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi rolunu yerinə yetirir.Küləyin əsməsi ilə istiliyin hər yerə yayılması xalqımızın mifik dünyagörüşündə obrazlaşmış, “Yel baba” kimi şəxsləndirilmişdir:

Bu çərşənbə ilə bağlı Yel baba rəvayətində deyilir ki, Yel baba meşələrdə azan xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatdırır”.

Dosentin sözlərinə görə, Yel çərşənbəsi günü günahlarını yumaq, savab qazanmaq istəyən insanlar qəfəslərə salınmış ovlanmış quşları satın alar, qəfəsi açıb havaya buraxar və bu zaman deyərdilər: “Azad-bezat, məni cənnətdə gözət”: “Gözlə görünməyən küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb dam və ya təpələrin başından uçurdardılar. Bu çərpələnglərin üzərinə insanlar tanrıya şikayət məktubu və ya xahişnamələr, arzu və istəklər də yerləşdirərdilər. Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq üçün çərpələnglərdən istifadə etmişlər. Meydanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azaçıq da olsa hərəkətə gətirməyə çalışırdı:

Yel babam, yelli babam,

 Elim, obam batdı, gəl

Çərpələngim yatdı, gəl!

İnsanlar yel dəyirmanının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qırıqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb oynayırlar”.

M.Məmmədli əlavə edib ki, Yel çərşənbəsində icra olunan mərasimlərdən biri “Küfdibi” mərasimidir: ““Küfdibi” özünü küləyə vermək, yellənmək deməkdir. Burada əsasən gənclər iştirak edirdilər, yaşlı meyvə ağacından yelləncək asıb onu yaşıl bitkilər, gül-çiçək və s. ilə bəzəyərdilər. İştirakçılar bir-bir və ya iki-iki yelləncəkdən yellənir, deyişmə və ya bayatı deyərdilər. Yelləncəkdə yellənən qızların ayağına çubuqla asta-asta vurub söyləyərdilər:

Örpəyi çəhrayı qız,

Saçları xurmayı qız,

Gözləri sürməli qız,

Yaylığı yellənən qız,

Buraya qonaq gələn qız,

Adaxlının adını de!

Ha yellənə-yellənə,

Adaxlının adını de!

Yelləncəkdəki qızdan cavab almayınca, onu yellədər, qız cavab verdikdən sonra onu düşürüb bir başqasını mindirərdilər. Əgər əvvəllər yelləncəyə yalnız qızlar qalxardılarsa, sonradan yelləncəyə növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud cüt-cüt qalxardılar. Sonralar gənclər birlikdə yellənməyə başladılar. Bu mərasim vaxtilə cavanların bir-birini görüb tanış olmaları üçün yaxşı bir vasitə idi. Küfdibi mərasimi yazda qanın qaynaması ilə əlaqədar bir çox canlı məxluqların cütləşməsi, nəsil artırması məqsədi daşıyırdı. Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, mayalandırıb məhsul, bar verməsini təmin etmək kimi mühüm xüsusiyyəti var”.

O, həmçinin qeyd edib ki, Yel çәrşәnbәsi günü tonqallar qalanır, evlәrdә südlü plov vә ya bulğur aşı bişirilir: “Süfrәyә daha çox quru meyvә vә dәnli bitkilәrdәn hazırlanmış çәrәzlәr düzülür. Hәmin gün bir qarış böyümüş sәmәninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi ilə bağlı inancların birində deyilir ki, bu gecə söyüd ağacının altına gedib niyyət elə və Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Boz ay bu çərşənbə ilə təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Qoy bu çərşənbə yeli xalqımıza xoşbəxtlik və sevinc, bol ruzi gətirsin, dərd-bəlanı, xəstəliyi Azərbaycandan, türk dünyasından uzaq etsin!”.

Qeyd edək ki, Torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.

Yel çərşənbəniz mübarək!

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR