Beynəlxalq tədqiqat şirkəti “Nielsen”, “X” nəslinin nümayəndələrinin (1965-1980-ci illər arasında doğulmuş) istehlak bazarında əsas hərəkətverici qüvvəyə çevrildiyini bildirən araşdırma yayımlayıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, təkcə ABŞ-da bu nəslin nümayəndələri 2025-ci ilə qədər mal və xidmətlərə ümumilikdə 15,2 trilyon dollar xərcləyəcəklər.
Dövrümüzün müxtəlif nəsillərinin istehlakçı davranışı haqqında danışan tədqiqatçılar qeyd ediblər ki, X nəsli hər şeydən çox ardıcıllığa dəyər verir, öz təcrübələrinə əsaslanaraq qərarlar qəbul edir və impuls istehlakdan qaçaraq pul sərf etməməyə çalışır.
Araşdırmada həmçinin “Y/millenial”lar (1981-1996-cı illər arasında doğulmuş) və “Z/zumerlər”in (1997-2012-ci illər arasında doğulmuş) istehlakçı davranışlarına yer verilib. Qeyd olunub ki, birincilər çox vaxt yeni təcrübələrə can atırlar, ikincilər isə ictimai rəy əsasında qərarlar qəbul edirlər.
Hesabatda vurğulanır ki, internet geniş yayılmadan əvvəl yaşamış, lakin onu tez mənimsəmiş X nəslinin istehlakçı davranışı məlumat almaq və alış-veriş etmək üçün müxtəlif kanalların birləşməsinə imkan verir. Ekspertlər hesab edirlər ki, bu, həm satıcılar, həm də alıcılar üçün imkanları genişləndirir, istehlakı və iqtisadi artımı stimullaşdırır.