Vaşinqtonda Bayden Trampı əvəzləyəndən sonra ABŞ-la onun avropalı tərəfdaşları arasındakı münasibətlərdə istiləşmə başlayıb. Rusiyada çoxları bu istiləşməni Avropanın özünün – onsuz da şərti xarakter daşıyan – strateji muxtariyyətindən imtina etməyə və köhnə vaxtların birqütblü dünyasına qayıtmağa hazır olması kimi izah etdilər. Bundan belə bir nəticəyə gəldilər ki, Aİ ölkələrinin son illər beynəlxalq məsələlərdə nümayiş etdirdikləri məcburi müstəqillik əksər Avropa paytaxtları üçün olduqca ağır yük oldu və onlar bu yükdən can qurtarmaqdan məmnun qalardılar.
Hətta son vaxtlar Rusiya diskursunda Redyard Kiplinqin məşhur “Cəngəlliklər kitabı"na istinadla bir qədər ədəbsiz eyham meydana gəldi. Bu eyhamda Birləşmiş Ştatlar qüdrətli, həyasız və qaniçən pələng Şirxan, onun yaltaq avropalı tərəfdaşları isə pələngin qorxaq və quyruq bulayan əlaltısı – çaqqal Tabaki kimi təqdim olunur.
Demək olmaz ki, bu cür təsəvvürlər tamamilə əsassızdır. Belə görünür ki, bəzi – ələlxüsus Mərkəzi Avropa və Baltika ölkələrindən olan – Avropa liderləri Papadan artıq katolik olmağa çox can atırlar.
Yəqin ki, onlardan hansısa Ağ evə sadəcə Brüssel bürokratiyasınının hakimi-mütləqliyindən sığınır; bəlkə də, kimsə amerikan hökuməti ilə “xüsusi münasibətlər”indən özünün Avropa və hətta dünya işlərində çəkisini artırmaq üçün yararlanmaq istəyir.
Sirr deyil ki, Baydenin prezident seçkilərində qalibiyyətindən sonra Avropa İttifaqında rahat nəfəs aldılar – avropalılar ümid edir ki, ABŞ-la Aİ arasında son fikir ayrılıqları, anlaşılmazlıqlar və hətta açıq münaqişələr keçmişdə qalacaq.
Bəs görəsən, bu kontekstdə Kiplinqə istinad nə dərəcədə ədalətlidir? Amerika-Avropa bəndində Şirxanı xatırladan kimdir, Tabakini xatırladan kim? Kim kimə daha çox güzəşt edir – Aİ ABŞ-a, yoxsa ABŞ Aİ-yə? Bu ikitərəfli bənddə öz əvvəlki mövqelərindən imtina edərək və ya onlara düzəliş edərək tərəfdaşına uyğunlaşmağa məcbur olan kimdir? Daha çox hansı tərəf öz mövqelərini dəyişməz saxlayıb?
Faktlar deyir ki, əgər transatlantika münasibətlərində Tabakinin rolunu oynayan biri varsa, bu, qətiyyən Avropa tərəfi deyil.
2015-ci il Paris razılaşmasına qayıdaraq gündəlikdəki iqlim məsələsinə öz münasibətini ABŞ dəyişdi, Aİ yox.
Donald Trampın Amerikanı üzvlüyündən vur-çatlasınla çıxartdığı ÜST-ə yanaşmasını dəyişən də Avropa İttifaqı yox, Birləşmiş Ştatlardır.
ÜTT-yə münasibətdə öz mövqeyinə Brüssel yox, Vaşinqton düzəliş etməli oldu və bu da təşkilata yeni direktor təyinatı prosesinin yolunu açdı.
Üç il qabaq respublikaçılar hökumətinin nümayişkaranə şəkildə çıxdığı BMT İnsan haqları Şurası ilə qarşılıqlı əlaqəni Aİ yox, ABŞ-dır bərpa edən.
İrana münasibətdə siyasətini və İranın nüvə proqramı üzrə çoxtərəfli razılaşmaya mənfi yanaşmasını dəyişməyə çalışanlar avropalılar yox, amerikalılardır.
Amerikan hərbi kontingentinin bir hissəsinin Almaniya ərazisindən çıxarılması haqqında əvvəlki qərara Berlində yox, Vaşinqtonda yenidən baxdılar.
Beynəlxalq məsələlərdə çoxtərəfliliyə qayıtmağın vacibliyindən Avropada yox, ABŞ-da danışırlar, çünki Avropa bu çoxtərəflilikdən heç vaxt geri çəkilməyib.
Tramp hökumətinin dörd ili göstərdi ki, birtərəflilik və buna müvafiq “parlaq təcrid” siyasəti özünü doğrultmur və ABŞ-ın dünyadakı mövqelərini sarsıdır.
Co Bayden bu siyasətə yenidən baxmalı və buna görə də bəzən öz tərəfdaş və mütəfiqlərinə hansısa məsələlərdə əhəmiyyətli və ağrılı güzəştlərə getməli olur. Razılaşın ki, belə bir davranış “lovğa Şirxan – yaltaq Tabaki” şəklində münasibət modelinə bir o qədər də sığmır.
Əlbəttə ki, Birləşmiş Ştatların Qərbə və dünyaya liderlik iddiası heç hara getməyib. Potomak sahillərindən yeni hökumətin zamanında da vaxtaşırı olaraq möhkəm pələng nəriltisi eşidilir.
Amerikanlar avropalılardan hələ uzun müddət nələrsə tələb edəcəklər: onların birtərəfli sanksiyalarını dəstəkləməyi, öz müdafiə xərclərini ÜDM-in 2 faizinə qədər artırmağı və s. və i. Axmaq vərdişlərdən qopmaq asan deyil, şəriksiz cəngəlliklər hökmdarının köhnə şakərləri hələ çox amerikan hökumətinin xarici siyasət tərzinə öz təsirini göstərəcək.
Lakin Avropa amerikan xarici siyasətinin əcaib dolanbaclarını daha əvvəlki kimi kor-koranə şəkildə təqib etmir. Bu mənada Trampın gedişi və Baydenin gəlişi transatlantika münasibətlərində çox az şeyi dəyişəcək.
Çinlə ticari-iqtisadi əməkdaşlıq və ya ABŞ-ın özü ilə yeni ticarət sazişi kimi Avropa İttifaqı üçün həqiqətən vacib məsələlərdə Brüssel Vaşinqtonun təzyiqlərinə ardıcıl şəkildə və uğurla müqavimət göstərir. Qlobal ictimai rifahın idarə olunmasında isə məhz Aİ aparıcı qüvvə, bir növ, “kollektiv Şirxan” olaraq qalır və Birləşmiş Ştatları öz ardınca aparır.
Odur ki, Avropanın və onun ayrı-ayrı ölkələrinin kölə xislətli çaqqal Tabakiyə bənzədilməsi nəinki siyasi nəzakətsizlikdir, həm də həqiqətə uyğun deyil.
Birləşmiş Ştatları özünün sözəbaxan avropalı qulluqçularına iş buyuran ağa qismində göstərmək də həmçinin yanlış və səmərəsizdir. Avropa ölkələrinin ABŞ-dan asılılıq dərəcəsi könkret sahədən asılı olaraq çox dəyişir, istənilən halda transatlantika münasibətləri Kiplinqin nağıl qəhrəmanlarının münasibətlərindən daha mürəkkəb və daha ziddiyyyətlidir.
Yeri gəlmişkən, “Cəngəlliklər kitabı”nda müsir Rusiyanın bizim siyasətçi zümrəyə xoş gələcək təcəssümünü də çətinlik çəkmədən tapmaq olar.
Əlbəttə ki, Rusiya canavar ailəsində oğulluğa götürülüb tərbiyə olunmuş insan övladı Mauqlidir. Mauqli cəngəlliklər aləminin bir hissəsidir, lakin eyni zamanda ətrafı üçün əlçatmaz olan başqa bir dünyanın parçasıdır. Onu əlinə cəngəllikdəki bütün heyvanların qorxduğu Qırmızı gül (od) keçir. Rusiyanın Qırmızı gülü ona hərbi fövqəldövlət statusu verən raket-nüvə potensialıdır.
Lakin “Cəngəlliklər kitabı”nı oxuyan və ya onun əsasında çəkilmiş köhnə sovet multfilminə baxan hər kəs xatırlayar ki, Mauqlinin gücü yalnız Qırmızı güldə deyil. Onun ayı Balu kimi ilk müəllimi, bəbir Baqira kimi dostu və ilan Kaa kimi müdrik məsləhətçisi var. Ən əsası, onun, alicənab və qayğıkeş canavar böyüyü Akela başda olmaqla öz Sürüsü var.
Bəli, Mauqli cəngəlliyin digər sakinlərindən çox fərqlənir, amma onun orada tək qalmaq qorxusu yoxdur – o həmişə kömək üçün dostlarına üz tuta və onların sözsüz dəstəyinə güvənə bilər. Bu daimi kömək olmasaydı, Mauqli nəinki qüdrətli və hiyləgər Şirxana qalib gələr, ümumiyyətlə təhlükəli cəngəlliklərdə sağ qalmazdı.
Bəs görəsən, bizim Sürü haradadır?
Mənbə: Andrey Kortunov / beynəlxalq məsələlər üzrə alim-mütəxəssis / “Rusiya qlobal siyasətdə” elektron nəşri / 1 aprel 2021
Tərçümə etdi: Seymur Şahbazzadə
Bakivaxti.az
















