Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər daha çox xaricdə təhsilə üstünlük verir. Tələbələrin həm dini, həm də digər ixtisaslar üzrə xaricdə təhsil alması savadlı kadr yetişdirilməsi baxımdan sevindirici haldır. Ancaq insanlarda sual yaranır ki, Azərbaycan universitetlərində bir çox ixtisas tədris olunduğu halda tələbələr niyə məhz xaricə üz tutur?
İlahiyyatçı alim Famil Bürhanoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, gənclərin təhsil üçün xaricə getməsi təkcə Azərbaycana xas deyil:

"Ümumiyyətlə, təhsil mübadiləsi ixtisas və sahəsindən asılı olmayaraq, dünyanın bütün ölkələri üçün səciyyəvidir. Elə bir ölkə yoxdur ki, oradan xaricə gedib təhsil alan olmasın. İnsanlar istəklərinə uyğun olaraq seçim edirlər. Bu, təkcə bizim ölkəyə xas olan cəhət deyil. Eyni zamanda, bu, təkcə ilahiyyat və dini elmlərlə də məhdudlaşmır. Biz alimlərin təhsil və fəaliyyətlərinə nəzər salsaq, birdən artıq ölkədə təhsil alıb tamamilə başqa bir ölkədə fəaliyyət göstərən alimlərin də olduğunu görərik. Konkret bizim ölkə və tələbələrin təhsil almaq üçün xarici ölkələrə üz tutduğu çox olan digər ölkələrə nəzər saldıqda məsələnin kökündə təhsilin keyfiyyəti və səviyyəsinin qaneedici olmaması, təhsillilərə düzgün qiymət verilməməsi, elmi fəaliyyətlərin diqqətdən kənarda qalması, ölkədə təhsilin haqqının həddən artıq yüksək olması, xaricdə təhsil almış kadrlara daha çox diqqət ayrılması, işlə təmin olunmasında onların önə çəkilməsi (əlbəttə, bu fakt, əsasən, qeyri-dini təhsil sahəsinə aiddir), ölkə daxilindəki rüşvətxorluq və sairənin dayandığını görərik. Bu gün xaricdə təhsil alan tələblərin statistikasına nəzər salsaq, onların rəylərini soruşsaq, bunun əyani şahidi olarıq. Hər hansı ideologiyanın təsirinə düşmək məsələsinə gəlincə, bunun yalnız dini təhsillə izah edilməsi ən yanlış mövqedir. İstənilən sahədə təhsil alan adamı istənilən ideologiyanın təsiri altına salmaq olar. Bunun üçün xaricdə təhsil almağa da ehtiyac yoxdur, hətta ölkə daxilində də virtual olaraq istənilən ideologiyanı insanlara qəbul etdirmək olar. Bunun üçün o qədər mexanizmlər var ki... Təsir altına düşmək təkcə dinlə niyə bağlanır ki? Feministlər, LGTB müdafiəçiləri, ayrı-ayrı ideologiyaların təmsilçilərinin bəs dinə nə aidiyyatı var? Bunları hansı qüvvələr gətirir ölkəyə? Bunların da səbəbkarı xaricdə dini təhsildir. Bir də məsələnin ən maraqlı tərəfi bu gün ölkədə bunu iddia edənlərin çoxunun ya özləri, ya övladları, ya da yaxınlarının xaricdə təhsil alması faktıdır. Götürək elə bu iddia ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, deputat Ceyhun Məmməddovu. Harada təhsil alıb? - 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. - 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. Eyni məntiqlə Ceyhun müəllim özü də hansısa ideologiyaya xidmət edirmi? Ona hörməti olan bir adam kimi deyə bilərəm ki, xeyr. Ancaq niyə belə açıqlama verib, orasını bilmirəm. “Xaricdə təhsil qadağan edilsin” deyənlərin bəlkə də niyyətləri başqadır. Bilmirəm konkret nə istəyirlər. Ancaq xaricdə təhsili qadağan etmək həll yolu deyil. Ölkənin sosial, mədəni, siyasi vəziyyətini düzəltsinlər. Təhsili gücləndirsinlər, rüşvətxorluğu aradan qaldırsınlar, dedikləri ilə əməlləri düz olsun, görün, hər şey necə düzəlir. Yoxsa ki, xaricdə təhsilin, xüsusilə dini təhsilin qadağan edilməsi həll yolu deyil. Dini təhsil almaq üçün xaricə gedilməsinin səbəbi ölkədə dini təhsilin bazasının çox aşağı olmasıdır. Dini biliklərin tədrisi yox dərəcəsindədir. Nə bir məktəb var, nə də bir mədrəsə. Fərdi məşğul olanlara, məscidlərdə din dərsi demək istəyənlərə maneələr var. Dini biliklərini artırmaq istəyənin hər hansı xarici ölkəni seçməkdən başqa çarəsi qalmır. Ölkəni dini universitet və institutu da tələbata cavab vermir. Hətta ilahiyyat fakültəsini bitirinlər də dini biliklərini artırmaq üçün dini təhsilin daha yüksək olduğu ölkələrə üz tuturlar. İlahiyyat institunu bitirmiş o qədər adam var ki, dini bilikləri lazım olan həddə deyil. Bir çoxları özləri bunu açıq şəkildə etiraf edirlər. Hətta özləri xaricə getməsə də, universiteti bitirdikdən sonra xaricdə təhsil almış tələbələrdən din təhsili alıb, dini biliklərini artırırlar".
Aytac Aslan
















