Hazırda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilir. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıraraq ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünya nümayiş edir.
Bəs COP29 ölkə iqtisadiyyatına necə təsir edəcək?
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə Milli.Az-a iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlama verərək bildirib ki, COP29 Azərbaycan iqtisadiyyatına bir çox istiqamətlərdə müsbət təsir göstərə bilər.
"Bunlardan birincisi dövriyyə iqtisadiyyatının yaradılmasına və inkişaf etdirilməsinə töhfə verəcək. Eyni zamanda ölkənin üçüncü enerji strategiyası olan alternativ enerjinin daha uğurla icra olunmasına dəstək olaraq beynəlxalq investorların ölkəyə investisiya yatırmasına təkan verə bilər".
Ekspert qeyd edib ki, bu tədbir istehsal və emal sahələrində istifadə olunan yeni innovativ texnologiyaların ölkəmizə gətirilməsinə və iqtisadiyyata tətbiq edilməsinə şərait yarada bilər. Bütün bunlar sahibkarlığın inkişafına dəstək verərək, məşğulluğun artırılmasına imkan yaradacaqdır.