Vaşinqton yaxın günlərdə Dəməşqdə Suriya hökuməti, “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyası və Kürd Muxtar Administrasiyası nümayəndə heyətləri arasında keçiriləcək görüşə hazırlıq aparır. Danışıqlar ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin iştirakı ilə keçiriləcək.
Görüşdə SDQ döyüşçülərinin Suriya ordusuna inteqrasiyası mexanizmləri, həmçinin neft sektoru, dövlət institutlarının idarə edilməsi, sərhəd-keçid məntəqələrinin statusu və əl-Qamışlı beynəlxalq hava limanı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
ABŞ-nin təşəbbüsü ilə keçiriləcək Dəməşq-SDQ-Kürd Administrasiyası görüşü Suriyanın gələcək siyasi nizamlanmasına necə təsir göstərə bilər?
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bu sualı cavablandırıb.
O bildirib ki, kürd silahlı birləşmələrinin Türkiyədən çıxarıldığını və silahlı mübarizəni dayandırmasını elan etməsi fonunda SDQ-nin də Suriya silahlı qüvvələrinə inteqrasiya edilməsi məsələsi mümkün kimi görünür:
"ABŞ-nin SENTKOM komandanlığına bağlı qüvvələrinin illərdir İŞİD-lə mübarizə adı altında kürd döyüşçüləri silahlandırdığı, minlərlə tır silah-sursat verdiyi, hətta yüz minlik ordu formalaşdığı xəbərləri gəlirdi. Bunun isə böyük ehtimalla Kürd dövləti yaratmaq məqsədilə edildiyi bəlli idi. Əsəd rejiminin devrilməsindən sonra Suriyada hakimiyyətə Türkiyəyönümlü yeni qüvvələrin gəlməsi ABŞ və kürdlərin planlarını dəyişdi. Münbiçin və Tel-Rıfatın kürdlərin əlindən alınması, Tışrin bəndi və Karakozak qəsəbəsi ətrafında uzun müddət davam edən hərbi gərginlik fonunda Türkiyə silahlı qüvvələrinin və Türkiyəyə bağlı Suriya Azadlıq Ordusunun bu ərazilərə, Kobaniyə (SAO) birlikdə gözlənilən hərbi müdaxiləsi fonunda kürd silahlı birləşmələrinin, PKK-nın silah buraxmaq niyyəti görünən odur ki, artıq öz nəticəsini verir. Məzlum Abdi rəhbərliyində SDQ də Əhməd əl Şaara ilə inteqrasiya barəsində razılığa gəlmişdilər".
A.Qasımovun fikrincə, SENTKOM rəhbərliyi qarşılıqlı gərginliyin regionda stabilliyə zərbə vurduğunu və bundan İranın, Rusiyanın istifadə etdiyini anlayır. Odur ki, belə bir inteqrasiya olacaqsa, bu, tərəflərin hər ikisi üçün yaxşı hal olacaq. Amma, təbii ki, çox da optimist olmağa hələlik ümid azdır.

Azər Qasımov: SENTKOM rəhbərliyi qarşılıqlı gərginliyin regionda stabilliyə zərbə vurduğunu və bundan İranın, Rusiyanın istifadə etdiyini anlayır
Politoloq qeyd edib ki, kürd silahlılarının öz planları var. Onların arxasında İsrail və Avropadan bəzi dövlətlərin də olduğu gerçəyi var:
“Bu baxımdan hərtərəfli iş aparılmalıdır. Əgər PKK 40 ildən çox planlarına son qoyub, silahı buraxırsa və siyasi yolla fəaliyyətə keçirsə, bu o demək deyil ki, kürdlər dövlət qurmaq planlarından əl çəkəcək. Amma geosiyasi durum müəyyən addımlar atılmasını diktə edə bilər. Bu baxımdan Türkiyə və Suriya tədbirli hərəkət etməlidirlər".
Gülşən Şərif
Bakı 



