Boliviyanın keçmiş dövlət başçısı Luis Arse keçmiş prezident Evo Moralesin hakimiyyəti dövründə iqtisadiyyat naziri vəzifəsində çalışarkən yerli xalqlara yönəlik layihələr üçün yaradılmış fondda qanunsuzluqlara yol verməkdə ittiham olunaraq həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə üzrə hakim Mario Helmer təxminən 6 saat davam edən məhkəmə iclasından sonra Arsenin La Pas şəhərində yerləşən San Pedro həbsxanasında 5 ay müddətinə həbsdə saxlanılaraq mühakimə olunmasına qərar verib.
Helmer bildirib ki, Arse sağlamlıq səbəbləri ilə istənilən vaxt məhkəmədən icazə tələb edə bilər və Həbsxana Administrasiyası təhlükəsizliyi təmin etmək məqsədilə onu məhkumlardan ayrı bir bölmədə saxlayacaq.
Özünə qarşı irəli sürülən korrupsiya ittihamlarını rədd edən Arse günahsız olduğunu bildirib və saxlanılmasının “açıq-aşkar siyasi səbəblərlə” bağlı olduğunu deyib.
Prezident Rodriqo Pas hökumətinin ölkədəki problemləri ört-basdır etmək üçün “günah keçiləri axtardığını” iddia edən Arse, ona qarşı həyata keçirilən həbs tədbirinin qanunsuz olduğunu vurğulayıb.
Bakı 



