Yay aylarının gəlişi ilə istirahət planları da aktuallaşır. Milli Məclisin yaz sessiyasının başa çatmasına sayılı günlər qaldığı bir vaxtda deputatların yay mövsümünü necə keçirəcəyi maraq doğurur.Əksər insanlar kimi onların da bir qismi ölkənin bölgələrində dincəlməyi, digərləri ailələri ilə vaxt keçirməyi, bəziləri isə iş və ictimai fəaliyyətlərini davam etdirməyi planlaşdırır.
Bəs deputatlar bu il yay tətilini harada keçirməyi düşünürlər?
Bakıvaxtı.az olaraq onların istirahət planlarını öyrənməyə çalışdıq.
Milli Məclisin üzvü Zahid Oruc deyib ki, yaxşı istirahət etmədən yaxşı çalışmaq mümkün deyil:
“Digər tərəfdən, ölkəmizin təbiəti, coğrafiyası, su ehtiyatları, xüsusilə də dağ və dağətəyi əraziləri yay aylarında çox səfalı məkanlara çevrilir. Bu yerlər hər bir azərbaycanlı üçün daxili enerji və ruh mənbəyi olmaqla yanaşı, həm də sağlamlıq məkanıdır”.
Onun sözlərinə görə, əvvəlki illərdə bir-iki dəfə xaricdə sanatoriya və kurortlarda olub:
“Amma 2014-cü ilə qədər, açıq desəm, tətil imkanlarından demək olar ki, istifadə etməyən insanlar sırasında idim. Bunu da qeyri-adi hal kimi qiymətləndirmirəm. Əksinə, insan həyatının bütün dövrləri müəyyən qrafik və prinsiplərə tabedir.
Hazırda bildiyiniz kimi, iyulun ortalarına qədər Milli Məclisin iclasları davam edəcək. Ondan sonra ailəmlə birlikdə ənənəvi olaraq bizə doğma olan rayonlardan birinə getməyi planlaşdırırıq. Daha sonra isə imkan olarsa, yaxın xarici ölkələrdən birinə 3-4 günlük səfər etməyi düşünürük. Ümumilikdə, bir daha qeyd etmək istəyirəm ki, bu, pafos və ya hansısa konjunktura deyil. Xarici ölkələri gördükdən sonra tam əminliklə demək olar ki, Azərbaycanın təbii imkanları, resursları və gözəl məkanları sağlamlıq və istirahət üçün kifayət qədər zəngindir. Lakin təbii ki, bütün bunları iş rejimi və mövcud imkanlarla uzlaşdırmaq lazımdır”.
Deputat Ceyhun Məmmədov qeyd edib ki, artıq bir neçə ildir, yay tətili dövrü olsa da, işlərin çoxluğu səbəbindən istirahətə vaxt ayırmaq imkanı çox məhdud olur:
Dediyinə görə, bu il də vəziyyət fərqli deyil:
"Hazırda üzərində işlədiyim bir neçə kitab və müxtəlif layihələr var. Vaxtımın böyük hissəsi həmin işlərə sərf olunur. Ona görə də hələlik yay istirahəti ilə bağlı konkret plan formalaşmayıb”.
Müsahibimiz bir neçə günlük ölkənin hansısa rayonlarından birinə səfər etməyi düşünür:
“Lakin hazırda işlərin çoxluğu səbəbindən bu məsələ üzərində ciddi şəkildə düşünmək üçün də geniş imkan yoxdur. Ümumiyyətlə, qarşıdakı dövrdə işlərin gedişatına uyğun olaraq bu məsələyə baxılacaq. Bildiyiniz kimi, parlamentin fəaliyyəti iyul ayının 15-dək davam edəcək. Buna görə də yaxın müddətdə əsas diqqət həmin proseslərə yönələcək və istirahət planları bir qədər sonraya qalacaq”.
Milli Məclisin üzvü Hikmət Babaoğlu torpaqlarımız işğaldan azad edildikdən sonra bütün yay tətillərini azad olunmuş ərazilərimizdə keçirməyə çalışır:
“Keçən il yay tətilimi Şuşada keçirdim. Bu il də düşünürəm ki, yay tətilimi yenidən Şuşada keçirim. Çünki Şuşadan həm Laçına, həm Kəlbəcərə, həm Ağdərəyə, həm Xocavəndə, həm də Xocalıya getmək çox rahatdır. Şuşada qaldığım müddətdə hər gün rayonlarımızdan birinə səfər etməklə vətənimizi yenidən görmək, onu daha yaxından tanımaq, tarixi Zəfərimizi bir daha dəyərləndirmək və özümüz üçün müəyyən nəticələr çıxarmaq imkanı əldə etmiş oluram. Bu, mənə böyük mənəvi zövq verir. Ona görə də bu il də imkan olarsa, yay tətilimi işğaldan azad olunmuş ərazilərimizdə keçirməyi planlaşdırıram”.
Deputat Razi Nurullayev də yay tətilini ölkəmizdə keçirəcək:
“Ölkəmizin müxtəlif rayonlarına getmək, maraqlı yerləri görmək və daha çox Azərbaycanın kəndlərini daha yaxından tanımaq istəyirəm”.
Milli Məclisin üzvü Naqif Həmzəyev bildirib ki, yay tətilini Azərbaycanda keçirəcək:
“Daha çox Gəncə şəhəri və yaxınlığında olan rayonlarda olmağı planlaşdırıram. Əgər alınsa ailəmlə Qarabağ və Şərqi Zəngəzura da səfər etməyi planlaşdırmışıq. Bir sözlə Azərbaycanın o qədər çox füsunkar istirahət yerləri var ki, gəzməklə bitəsi deyil. Bir ömür bəs etməz. Hər kəsi yerli turizmin inkişafına töhvə verməyə cağırıram”.
Milli Məclisin üzvü Aydın Hüseynov qeyd edib ki, yayı öz doğma kəndində istirahət edəcək:
“Tovuz rayonunun Çatax kəndində olacağam. Tətilin bir hissəsini də Qaradağda keçirəcəm”.
Milli Məclisin üzvü Vüqar Bayramov xaricdə istirahər üçün Türkiyəyə üstünlük verir:
“Əvvəki illərdə olduğu kimi bu yay mövsümündə də ölkə daxilində istirahət etməyi düşünürəm. Ümumiyyətlə son dövrlərdə yayda xaricə getmək lazım olarsa, yalnız qardaş Türkiyəni seçirəm. Lakin hələlik xüsusi bir səfər proqramım yoxdur”.
Aynur Babazadə
Bakı 



