Xəbər verdiyimiz kimi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.
Səbuhi Qurbanov bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S. Qurbanov daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 saylı orta məktəbdə direktor, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.
S. Qurbanov Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant Müsabiqəsinin qalibi olmuş, bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib. O, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Vüqar Mikayıllı bakalavriat və magistratura təhsilini Bakı Dövlət Universitetində “Regionşünaslıq” ixtisası üzrə alıb. Hazırda ADA Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir.
Əmək fəaliyyətinə Qobustan şəhər 3 saylı tam orta məktəbdə tarix müəllimi kimi başlayan V. Mikayıllı müxtəlif illərdə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində Şamaxı rayonu üzrə imtahan rəhbəri, Qobustan rayonu üzrə monitorinq rəhbəri, həmçinin TIMSS beynəlxalq qiymətləndirməsi üzrə Qobustan rayonu üzrə imtahan rəhbəri kimi fəaliyyət göstərib. O, eyni zamanda icma əsaslı siniflərin yaradılması və “Virtual məktəb” platforması üçün qiymətləndirmə vasitələrinin hazırlanması layihələrində iştirak edib.
V. Mikayıllı ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramının Vaşinqton mərhələsini uğurla başa vurub, həmçinin bir sıra yerli və beynəlxalq konfrans və layihələrin iştirakçısı olub.
Bakı 




