Məlum olduğu kimi, əməkdar artist və bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Üzvlük vəsiqəsini rəsmi olaraq AYB birinci katibi Çingiz Abdullayev təqdim edib.
Ç.Abdullayev belə bir açıqlama verib: “Mən sosial şəbəkədə paylaşımı yalnız dostlarım üçün açıq saxlamışam. Çünki bəziləri axmaq-axmaq fikirlər yazır. Paylaşımı axmaq adamlara bağlamışam. Oradakı təqdimatı ancaq 40 mindən çox izləyici görə bilər”.
Belə çıxır ki, hörmətli yazıçımızın sosial media hesabına abunə olan 40 min izləyicidən başqa digər insanlar, üzr istəyirəm, axmaqdır? Məncə, bu, doğru dəyərləndirmə deyil.
Xalq yazıçısının belə həssas ifadələr işlətməsi məncə, reallığa uyğun ola bilməz.
AYB-nin digər məsul şəxsləri Elza Seyidcahanın belə bir üzvlüyə layiq görülməsini məqbul sayaraq fikirlər səsləndiriblər. Məsələn, birliyin sədri, Xalq yazıçısı Anar vurğulayıb ki, sözügedən yeni üzv başqa üzvlərdən əksik deyil, hətta daha da istedadlıdır. Onda belə çıxır ki, AYB-də olan digər üzvlərin şeirləri və ədəbi-bədii əsərləri, yeni qəbul olunmuş şairənin əsərlərindən daha da zəifdir və oxucu tərəfindən bir o qədər sevilmir?
Amma AYB rəsmilərindən fərqli olaraq Azərbaycan cəmiyyəti nədənsə sözügedən şairənin “şeirlərini” gülünc və istehzalı görür. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq istədiyini deyib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə belə bir ərizəylə müraciət edib: “Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”.
Mən təbii ki, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini tənqid etmirəm. Amma məncə, AYB-də olan xalq yazıçıları ən azından yazıçısı olduqları o xalqın fikirlərini də nəzərə alsalar daha düzgün olar.

AYB-yə üzv olmağın hansı şərtlərlə həyata keçirilməsi yəqin ki, birliyin yekdil qərarına görə baş verir. Amma yeni şairə Elza Seyidcahan müsahibəsində deyib ki, “Yazıçılar Birliyinin qaydalarına görə ora üzv olmaq üçün ən azı 3 kitabın dərc olunmalıdır. Mənim isə bu günə qədər bir kitabım dərc olunub”.
O daha sonra bildirib ki, qalan 2 şeirlər kitabını çox yaxın zamanda yazacaq. Şairəmizə bu yolda uğurlar diləyirik.
Elza xanımın Yazıçılar Birliyinə həqiqi üzv olması, cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta bu xəbər sosial şəbəkələrdə böyük etirazlara səbəb olub. Onun verdiyi müsahibədə, “Bir neçə gün əvvəl ölkədə zəlzələ oldu, insanlar qorxuya düşdü. Yazıçılar Birliyinə üzv seçilməyim zəlzələ qorxusunu yaddan çıxartdı”- deməsi, ondan daha da güclü “sosial media zəlzələsi”nə gətirib çıxarıb.
Bir sual ortaya çıxır ki, nəyə görə tanınmış bir müğənninin məslək dəyişməsi xalq tərəfindən belə ciddi etirazlara səbə olur? Məsələ burasındadır ki, bu reaksiya tək sosial media istifadəçilərindən gəlmir. Cəmiyyətdə bir çox tanınmış insanlar, jurnalistlər, şairlər, yazıçılar, aktyorlar, ictimai xadimlər və başqaları bu hadisəyə reaksiya veriblər. Hələ bir neçə il əvvəl, çox hörmətli Xalq artistimiz Rasim Balayev Elza Seyidcahanın şeirlərini kəskin tənqid atəşinə tutmuşdu və onun efirlərə buraxılmamasını təklif etmişdi. Böyük Nizaminin, Nəsiminin, Füzulinin qəzəllərinin ən məşhur ifaçısı Rasim Balayevin yəqin ki, şeirdən anladığı bir şey vardır ki, Elza xanımın belə provokativ şeirlərinə sərt münasibət bildirib.
Bəli, ədəbiyyatda və ümumiyyətlə, incəsənətdə müxtəlif istiqamətlər ola bilər və bu da ilk mərhələlərdə cəmiyyət tərəfindən qəbul olunmaya bilər. Bu çox normaldır. Məsələn, XIX əsrin 80-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı olan postimpressionizm, o vaxtlar həm ənənəvi rəssamlar tərəfindən, həm də cəmiyyət tərəfindən qəbul olunmurdu. Təsəvvür edin ki, Pol Qoqeni, Vinsent Van Qoqu, Pol Sezanı, Renuarı və digərlərini o vaxtkı sənət adamları rəssam saymırdılar. Musiqidə də ilk dəfə caz sənəti cəmiyyət tərəfindən qəbul olunmadı. Amma hörmətli müğənnimiz və bəstəkar Elza Seyidcahan ədəbiyyata yeni bir istiqamət gətirməyib. Əslində cəmiyyəti qıcıqlandıran onun şeir yazması deyil. Hər bir insan şeir yaza bilər. Yaradıcı insan sənətin hər sahəsində öz istedadını göstərməyə qadirdir. Slavyanlarda belə bir söz var: “İstedadlı insan hər şeydə istedadlıdır”. Amma E.Seyidcahan həmişə qalmaqallı “şeirlərlə” gündəmə gəlib. Onun yazdığı “şeirlər”də yer alan və bilincaltı vulqar atmosfer yaradan sözlər təbii ki, ictimaiyyəti qıcıqlandırmaya bilməz. Düşünürəm ki, böyük Mikayıl Müşfiq, Hüseyn Cavid, Məmməd Araz və digər nəhənglərimiz qalmaqalla yox, dərin düşüncələri ilə, sözlərinin mənası və qüdrəti ilə xalqın könlünə yol tapırdılar. Yoxsa heç kim bir insana şeir yazmağı qadağan edə bilməz. Yaradıcılıq insanın təbiətinə aiddir. Əgər o bir insanın ruhunda varsa, mütləq bir yolla üzə çıxacaq və xalq tərəfindən seviləcək.
Tarixdə belə yaradıcılıq metamorfozları çox olub. Məsələn, bir zaman futbolçu olan Xulio İqlesias, keçirdiyi avtomobil qəzasından sonra musiqiyə böyük həvəs göstərdi və uzun illər sonra dünyada məşhur müğənni kimi tanındı.
Hamının tanıdığı məşhur türk müğənnisi Fərhad Köçər də əvvəlcə həkimlik sənəti ilə məşğul olub.
Açıq etiraf etmək lazımdır ki, Elza Seyidcahan gözəl müğənnidir. Onun ifa etdiyi mahnılar milyonlarla insan tərəfindən sevilir. E.Seyidcahanın Azərbaycan musiqisinə verdiyi töhfələr danılmazdır. Dövlətimiz də onun bu yolda verdiyi əməyini layiqincə qiymətləndirib. Azərbaycanın əməkdar artistidir. Elza xanımın musiqi savadına heç bir şübhə ola bilməz. Onun ecazkar səsi bu gün də sevilir və dinlənilir. Eyni zamanda o, çox gözəl bəstəkardır.
Amma bir məsələ var. Hər bir sənətkar o zaman ustad olur və sevilir ki, güclü olduğu yerdən özünü xalqa təqdim etsin. Yəni Elza xanımın musiqidə olan ağırlığı hər bir azərbaycanlıya məlumdur. Amma belə gülünc və etik normalarımızı bilincaltı təhdid edən şeirlərlə qalmaqal yaradaraq gündəmə gəlmək, heç bir sənətkara yaraşmaz.
Bir sənətkarın gücü, onun illərlə öz zəhməti və bacarığı ilə ortaya qoyduğu sənəti ilə ölçülür. Bir musiqi kollektivini xəyalınızda canlandırın. Ansamblda pianonu pianist çalır, tarı da tarzən. Heç şübhəsiz, hər iki musiqiçi öz sahəsində mükəmməldir və əvəzedilməzdir. Amma konsert zamanı pianonu tarzənə və tarı da pianistə verəndə hər şey gülünc vəziyyətə düşür.
Düşünürəm ki, əməkdar artist Elza Seyidcahan musiqi kürsüsündən daha çox sevilə bilər. Onun musiqi sahəsində olan böyük nailiyyətləri xalqımız üçün böyük bir dəyərdir. Amma Elza xanımın bu şeirləri xalq tərəfindən sevilirmi? Cəmiyyətdən gələn sərt reaksiyalar buna dəlalət etmir. Bəlkə də E.Seyidcahan şeirlərində özünün qabartdığı vulqar mesajları aradan qaldırsaydı, insanlar belə reaksiya verməzdi.
Yenə də kimin şair və ya yazar olub-olmadığını zaman göstərər. Amma bu qərarı tək AYB vermir. Çünki ən son qərar oxucunundur...
Elçin Orucov
Sosioloq
Bakıvaxtı.az
















