• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Kəlbəcərdə Bal Festivalı: Tarixi ənənələr bölgəyə qayıdır... 

SİYASƏT

15 Sentyabr 2026 | 11:00 | Müəllif: Günəş Mərd

Kəlbəcərdə Bal Festivalı: Tarixi ənənələr bölgəyə qayıdır...

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak ediblər. Tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan tikinti işləri ilə tanış olublar. Bəşir Hacıyev Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik korpusun nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması, eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və coğrafi brendləşmə, yerli arıçıların dəstəklənməsi, yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli-mədəni irsin təbliğidir.  

Millət vəkili Ceyhun Məmmədov bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birliyi, həmrəyliyi, ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu.  

Deputat vurğulayıb ki, biz qalib xalq kimi hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsinin şahidi oluruq: 

“Qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə çox böyük işlərin görüldüyünü hamımızı müşahidə edirik. Bu müddət ərzində şəhərlər, qəsəbələr salınır, çoxsaylı yaşayış binaları və digər infrastrukturlar tikilir. Ötən illər ərzində bir çox rayon, qəsəbə və kəndlərimizdə artıq insanlarımız məskunlaşıblar. O cümlədən, Kəlbəcərdə də əhali artıq yaşayır, orada çox böyük işlər görülür. Həmin ərazilərdə yaşayış hər cür şərait qurulur. Sevindirici haldır ki, artıq Qarabağ və Şərqi Zəngəzurda müxtəlif tədbirlər, sərgilər və festivallar da keçirilir. Paralel olaraq, bölgəyə diplomatların və xarici ölkələrin nümayəndələrinin səfərləri də təşkil olunur, qonaqların bu cür sərgiləri, festivalları izləmələrinə şərait yaradılır. Bu da çox vacib məsələdir. Bu, həm Azərbaycan həqiqətələrinin dünya ictimaiyyətinə çatdırılması, həm orada yaşayan insanların məşğulluğunun artırılması, həm də tarixi ənənələrimizin yenidən həmin bölgəyə qayıtması baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu cür tədbirlər daha çox həyata keçirilməlidir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR