• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Ermənistanın siyasəti sülhə köklənəcək: Amma təəssüf ki...

SİYASƏT

25 Oktyabr 2024 | 13:58 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanın siyasəti sülhə köklənəcək: Amma təəssüf ki...

“Müəyyən pozitiv hadisələr baş versə də, Ermənistanın ümumən sülh yolunda inandırıcı səmimiyyəti şübhəlidir”.

Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə Kazanda keçirilən BRİKS sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından, əldə olunmuş razılaşmalardan danışdıqlarına münasibət bildirərkən deyib.

Analitik xatırladıb ki, Ermənistan parlamentinin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı reqlament qəbul etməsi müsbət addımdır:

"Amma bu addımların arxası gəlməlidir, uzunmüddətli fasilə olmamalıdır. Əgər müsbət addımların sayı çoxalarsa və daha çox reallığı əks etdirərsə, Ermənistanın siyasəti sülhə köklənəcək”.

Onun sözlərinə görə, amma təəssüflər olsun ki, bir çox hallarda neqativ hadisələrlə üzləşirik:

“Bu gün nisbətən normal davranan Ermənstan tərəfi sabah ziddiyyətli bəyanatlarla, ittihamlarla çıxış etməyə başlayır. Yaxud silahlanmanı davam etdirirlər. Müxtəlif diplomatik səviyyələrdə gərginlik yaradırlar. Belə halda əlbəttə sülhdən danışmaq çətindir. Digər tərəfdən, kommunikasiyaların açılması ilə bağlı heç bir irəliləyiş yoxdur. Halbuki bu istiqamətdə atılacaq addımlar da birbaşa sülhə hesablanmalıdır”.

İlqar Vəlizadə: Gözləmək lazımdır ki, söhbətlər reallığa çevrilsin

Müsahibimiz vurğulayıb ki, problem ondadır ki, tezliklə sülhün imzalanmasına yönəlik addımların şahidi olmuruq. Əsasən proses söhbətlərlə, müzakirələrlə yekunlaşır, ciddi irəliləyiş olmadan nəticələnir.

“Gözləmək lazımdır ki, söhbətlər reallığa çevrilsin. Ermənistan həqiqətən də real addımlarla sülhü istədiklərini təsdiqləsin, səmimi olduğunu isbat etsin", - deyə İlqar Vəlizadə qeyd edib.

Qeyd edk ki, Kazanda keçirilən BRİKS sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından, əldə olunmuş razılaşmalardan da söz açıb. Baş nazir xatırladıb ki, parlament Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni ratifikasiya edib:

“Sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Almatı Bəyannaməsinin fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini aktivləşdirə biləcəyik".

Paşinyan xüsusilə vurğulayıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu sənədlə bağlı qərarı nəhayət bütün narahatlıqları, Ermənistan Konstitusiyasında qonşu ölkələrə iddia edilən ərazi iddialarının mövcudluğu ilə bağlı bütün arqumentləri aradan qaldırdı. Baş nazir növbəti dəfə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən azı 80-90 faizi razılaşdırılıb:

"Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, güc tətbiq etməmək, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə riayət edilməsi, diplomatik münasibətlərin qurulması və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması artıq tam razılaşdırılıb. Artıq bu gün razılaşdırılmış məzmunla saziş layihəsi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması üçün möhkəm zəmin yaratmaq üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026