“Hərbi qulluqçularımızın ermənilər tərəfindən saxlanılması beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan və Ermənistan arasında bir neçə dəfə belə hal yaşanıb. Ermənistandan Azərbaycan ərazisinə azaraq keçən istər mülki şəxslər, istərsə də hərbçilər Ermənistana təhvil verilib”.
Bunu Bakıvaxtı.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə təəssüf hissi ilə bildirib ki, Ermənistan tərəfi yenə yaramazlıqlarından əl çəkmir:
“Bizim iki gənc əsgərimiz artıq Ermənistanda həbs edilib. Dünən Ermənistan mətbuatında Baş Prokurorluğun onların həbs edilməsi ilə bağlı açıqlamaları yayıldı. Əsgərlərimizi bir neçə maddə üzrə ittiham edirlər. Birincisi, guya ki, qabaqcadan razılaşdıırılmış dəstə şəklində dövlət sərhədini keçməklə bağlıdır. Əslində isə onlar azaraq Ermənistan tərəfə keçiblər”.
Ermənistanın ikinci ittihamı guya silah qaçaqmalçılığı ilə bağlıdır:
“Ermənilər iddia edir ki, guya bizim əsgərlərimiz üstlərində olan silahları Ermənistana satmağa aparıb. Bu, gülünc yanaşmadır”.

Çingiz Qənizadə: Ermənistan iki əsgərimizi Azərbaycanda əsirlikdə olan hərbçilərdən bir neçəsi ilə dəyişdirmək istəyir
Ç.Qənizadə bildirib ki, dünyanın heç bir ölkəsində özünə hüquqşünas deyən şəxs belə absurd yanaşma irəli sürə bilməzdi:
“Biz yenə də bu riyakarlığa dözürük. Günün sonunda başqa bir açıqlama yayıldı ki, onlardan biri adam öldürməkdə iddiham olunur. Görünən odur ki, Ermənistan tərəfi belə çirkin əməllərə əl ataraq, iki əsgərimizi Azərbaycanda əsirlikdə olan 30-dan çox hərbçilərdən bir neçəsi ilə dəyişdirmək istəyir”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan baş verənlərlə bağlı dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, Ermənistada akreditə olunmuş dövlətlərin səfirliklərini məlumatlandırmalıdır:
“Çox təəssüf ki, beynəlxalq təşkilatlar həmişə işğalçı Ermənistanın tərəfində olublar. Biz hazırda Qırmızı Xaç Komitəsindən dəstək gözləyirik ki, əsgərlərimizin sağlamlığı təmin edilsin. Beynəlxalq təşkilatlar əsgərlərimizin geri qaytarılması ilə bağlı Ermənistana tövsiyə verməlidir”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Nuranə Daxilqızı







jpg-1684473483.webp)








