• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Evdə iynə vurdurmaq hətta ölümlə nəticələnə bilər – Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Avqust 2024 | 14:30

Evdə iynə vurdurmaq hətta ölümlə nəticələnə bilər – Həkimdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Bərdədə 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, vəfat edib.

Məlumdur ki, adətən istər uşağın, istər böyüyün qızdırması olduqda, yaxud hansısa bir xəstəliklə bağlı adətən xəstəxanaya aparılmaq yerinə evdə müalicəyə üstünlük verilir. İnsanlar müxtəlif dərmanlar, iynələr, sistemlər vasitəsilə xəstəliyi müalicə etməyə çalışırlar. Sonda isə bəzən belə bədbəxt hadisələr baş verir.

Bəs qızdırma olarkən onu ev şəraitində müalicə etmək, həkim məsləhəti olmadan, özbaşına iynə vurdurmaq nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Respublika Klinik Xəstəxananın həkim-terapevti Rəna Nağıyeva qeyd edib ki, həkim məsləhəti olmadan ev şəraitində qeyri-peşəkarlar tərəfindən təyin olunmuş dərman vasitələri, xüsusilə inyeksiyalar bəzi hallarda xəstələrdə ciddi həyati təhlükə yaradır:

"Bu yaxınlarda mənə ağır vəziyyətdə müraciət edən 59 yaşlı pasient reanimasiya şöbəsinə yerləşdirildi. Səbəb isə ağır ürək çatışmazlığı olan, yeni infarkt keçirmiş xəstəyə temperaturun yüksəlməsi səbəbi ilə ürəyi nəzərə almadan evdə nəzarətsiz köçürülən sistemlərdir".

R.Nağıyevə regionlarda bu səhvi bəzən həkimlərin də etdiyinə təəssüfünü bildirib.

Ev şəraitində iynə vurdurmağın ölümlə nəticələnə biləcəyini deyən terapevt hər orqanizmin individual xüsusiyyətlərini nəzərə almağın vacibliyini vurğulayıb.

Rəna Nağıyeva: Həkim təyinatı olmadan heç bir halda ev şəraitində iynə vurmaq olmaz

Onun sözlərinə görə, xüsusilə antibiotiklər və temperatursalıcı preparatlar anafilaktik reaksiya ilə nəticələnə bilər:

"Çünki anafilaktik şok vəziyyətində xəstəni ev şəraitində vəziyyətdən çıxarmaq bəzən mümkün olmur və biz xəstəni itiririk".

Terapevt xəbərdarlıq edib ki, qətiyyən həkim təyinatı olmadan heç bir halda, xüsusilə uşaqlara ev şəraitində iynə vurmaq olmaz:

"Müalicə təyin edərkən xəstənin bütün yanaşı xəstəlikləri və dərmanlara qarşı olan allergiya anafilaktik reaksiyalar nəzərə alınmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Sentyabr 2024