Mütəxəssislər sağlam yuxunun insan orqanizmi üçün vacib olduğunu vurğulayır. Gecə yuxusu zamanı bədən özünü bərpa edir, immun sistemi güclənir və beyin informasiyanı emal edərək yaddaşı möhkəmləndirir. Lakin bir çox insan düzgün yuxu rejiminə əməl etmədiyi üçün səhər yorğun və enerjisiz oyanır.
Bakıvaxtı.az xəbər verir ki, alimlər bildirir ki, sağlam və dərin yuxu üçün bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır.
İlk növbədə, yuxu rejimi sabit olmalıdır. Hər gün eyni saatda yatmaq və oyanmaq bədənin bioloji ritmini tənzimləyir. Araşdırmalara görə, yuxu saatları həftəsonu və iş günlərində fərqləndikdə orqanizm stress vəziyyətinə düşür və bu da yuxu keyfiyyətini pisləşdirir. Gecə rahat yatmaq üçün yatmazdan 1 saat əvvəl ekranlardan – telefon, televizor və kompüterdən uzaq durmaq tövsiyə edilir. Çünki bu cihazlardan yayılan mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və yuxuya getmə prosesini çətinləşdirir.
Otaq temperaturu da yuxunun keyfiyyətinə təsir edir. Mütəxəssislər ideal yatış temperaturunun 18-22°C arasında olmasının daha faydalı olduğunu bildirir. Çox isti və ya çox soyuq mühit yuxunun fasilələrlə bölünməsinə səbəb ola bilər. Həmçinin, yataq otağı qaranlıq və sakit olmalıdır. Araşdırmalara görə, tam qaranlıqda yatmaq melatonin ifrazını artırır və yuxunu daha dərin edir. Süni işıqların olması isə beynin istirahət rejiminə keçməsinə mane olur.
Yuxudan əvvəl qida qəbulu da diqqət tələb edən məqamlardandır. Yatmazdan ən azı 2-3 saat əvvəl ağır yeməklərdən və kofein tərkibli içkilərdən uzaq durmaq tövsiyə edilir. Ağır qidalar həzm sistemini yükləyərək rahat yuxuya mane ola bilər. Kofein və şəkər tərkibli içkilər isə sinir sistemini oyandıraraq yuxusuzluğa səbəb ola bilər. Bunun əvəzinə, yatmazdan əvvəl ilıq süd, bitki çayları və ya yüngül qəlyanaltılar qəbul etmək yuxuya getməni asanlaşdıra bilər.
Fiziki aktivlik də yuxunun keyfiyyətinə müsbət təsir göstərir. Gün ərzində aktiv olmaq və xüsusilə açıq havada gəzinti etmək melatonin ifrazını tənzimləyir və yuxuya getməni asanlaşdırır. Lakin yatmazdan dərhal əvvəl ağır idman etmək orqanizmi oyandırdığı üçün gec yatmağa səbəb ola bilər.
Bütün bu amillərə riayət etməklə daha rahat və dərin yuxu əldə etmək mümkündür. Uzunmüddətli yuxu problemləri isə immun sisteminin zəifləməsinə, yaddaş zəifliyinə və psixoloji problemlərə yol aça bilər. Alimlər bildirir ki, yuxu sağlamlığın əsas sütunlarından biridir və ona laqeyd yanaşmaq bir çox xəstəliklərə səbəb ola bilər.
Nuriyyə Musayeva