• Bakı 14° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Gələcəyə birgə addım: Azərbaycan və Çin əməkdaşlığında yeni üfüqlər

SİYASƏT

23 Aprel 2025 | 15:56

Gələcəyə birgə addım: Azərbaycan və Çin əməkdaşlığında yeni üfüqlər

Bu gün Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında rəsmi görüş keçirilib. Yüksək səviyyəli bu görüş iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İlham Əliyev və Si Cinpin enerji, nəqliyyat-logistika, ticarət, rəqəmsal inkişaf və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə, Azərbaycanın tranzit imkanları və Çinlə Avropa arasında yerləşən strateji mövqeyi çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin rolu ön plana çıxıb. Çin tərəfi Azərbaycanın bu təşəbbüsə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə həmçinin Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialı və Çin bazarına çıxış imkanları da müzakirə olunub. Azərbaycan məhsullarının Çinə ixracının artırılması istiqamətində konkret addımların atılması barədə razılığa gəlinib. Prezidentlər Azərbaycan-Çin münasibətlərində siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyini bildiriblər. Si Cinpin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib və Pekinin bundan sonra da bu mövqedə qalacağını bildirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib ki, Azərbaycan və Çin arasında diplomatik münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki ölkə liderinin son görüşü əlaqələrin dərinləşməsi baxımından mühüm addım oldu. ÇXR-nin sədri ilə İlham Əliyevin dostluq və səmimilik şəraitində keçən görüşü münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi. Görüş zamanı əldə olunan əsas nəticələrdən biri yeni birgə bəyanatın qəbul olunması oldu. Bu sənəd əsasında Azərbaycan-Çin əlaqələri hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəldi ki, bu da əvvəlki strateji tərəfdaşlıq mərhələsindən daha geniş və dərin əməkdaşlıq imkanları yaradır:

"Çin liderinin prezident İlham Əliyevi "böyük dost" adlandırması ölkələrarası münasibətlərin şəxsi inam və dostluq üzərində qurulduğunu göstərir. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən BMT və Şanxay Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət müzakirə edildi. Azərbaycanın Asiyada Etimadın Qurulması Təşkilatında fəal rolu xüsusi qeyd olundu. Çin Prezidenti Azərbaycan liderini bu ilin avqustunda keçiriləcək ŞƏT tədbirinə və faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan yubiley tədbirlərinə dəvət edib ki, bu da dostluq və etimadın simvoludur. Orta dəhlizin əhəmiyyəti vurğulandı və Azərbaycanın bu marşrutda artan rolu yüksək qiymətləndirildi. Çin şirkətlərinin nəqliyyat və logistika sahəsində fəaliyyəti, eləcə də bərpa olunan enerji və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları diqqət mərkəzində oldu".

Naqif Həmzəyev: Bu istiqamətlər üzrə əməkdaşlıq Azərbaycan-Çin münasibətlərini daha da dərinləşdirir

Onun sözlərinə görə, humanitar və mədəni əməkdaşlıq sahələrində, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti vurğulanıb. COP29 çərçivəsində Azərbaycanın rolu və Qlobal Cənubun maraqlarını ifadə etməsi Çin tərəfindən təqdir edilib. Görüş zamanı liderlər qarşılıqlı nailiyyətləri yüksək qiymətləndirdilər. Prezident İlham Əliyev Çin rəhbərliyinin ölkənin inkişafındakı rolunu vurğuladı, Çin Prezidenti isə Azərbaycanın uğurlu inkişaf yoluna diqqət çəkib. Birgə bəyanatda Azərbaycanın Çinin qlobal təşəbbüslərini, o cümlədən, "insaniyyətin vahid taleyi" konsepsiyasını dəstəkləməsi qeyd olundu. İqtisadi, texnoloji, siyasi və humanitar sahələrdə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və davamlı inkişafına töhfə verir.

"Bundan əlavə, tərəflər təhsil və elmi əməkdaşlıq məsələlərinə də toxundular. Çin universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, birgə tədqiqat layihələri və innovasiya sahəsində əməkdaşlıq imkanlarının araşdırılması razılaşdırıldı. Bu, gənc mütəxəssislərin yetişdirilməsi və elmi biliklərin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Turizm və mədəni əlaqələrin inkişafı da diqqət mərkəzində oldu. Hər iki tərəf qarşılıqlı mədəniyyət tədbirlərinin, sərgilərin və festivalların təşkilini dəstəkləyir. Azərbaycanın zəngin tarixi və mədəni irsi, eləcə də Çinin böyük turist potensialı qarşılıqlı turizmin genişlənməsi üçün əhəmiyyətli əsas yaradır. Bu istiqamətlər üzrə əməkdaşlıq Azərbaycan-Çin münasibətlərinin daha da dərinləşməsi və strateji tərəfdaşlıq ruhunun müxtəlif sahələrdə reallaşması baxımından əlavə imkanlar açır",- deyə Naqif Həmzəyev əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 May 2025