• Bakı 16° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Elektron resepti yazmaq üçün həkimə hansı sistemlərə giriş lazımdır?

CƏMİYYƏT

06 May 2025 | 10:34

Elektron resepti yazmaq üçün həkimə hansı sistemlərə giriş lazımdır?

“Elektron Resept Sistemi səhiyyə xidmətlərində şəffaflığın, təhlükəsizliyin və effektivliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb. 

Onun sözlərinə görə, həkimlər bu sistem vasitəsilə məsuliyyətli və peşəkar dərman təyinatı aparmaq imkanı əldə edir, vətəndaşlar isə tibbi məlumatlara çıxış və dərman təminatında daha çevik və rahat bir proseslə qarşılaşırlar:

“Həkimlər tərəfindən Elektron Resept yazılması üçün xüsusi proqram təminatına ehtiyac yoxdur. “Reseptim” mobil tətbiqi sadə dizayn edilmiş interfeys vasitəsilə istifadəçi dostudur. Həkimlər “Reseptim” mobil tətbiqini “Google Play” və “Appstore” kimi platformalardan mobil cihazlarına yüklədikdən sonra “Digital Login” vasitəsilə qeydiyyatdan keçir və “Profil seçimi” düyməsi vasitəsilə hazırda resepti təyin etdiyi tibb müəssisəsinin adını seçir və yeni resept təyin etməyə davam edir. Yazılan hər bir resept həkimin şəxsi identifikasiya məlumatları ilə sistemdə qeydiyyata alınır. Bu, gələcəkdə hansısa hüquqi və peşəkar məsuliyyət məsələləri yarandıqda şəffaflığı təmin edir və izlənilə bilmək imkanı yaradır. “Reseptim” mobil tətbiqində pasiyentə təyin edilən dərman vasitələrinin molekulyar tərkibi, həmin preparatların dəyərini qarşılayacaq müvafiq tibbi sığorta agentinin seçilməsi imkanları nəzərə alınıb. Həkim tərəfindən təyin edilən hər bir resept sistem tərəfindən unikal kodla qeydiyyata alınır və pasiyentin şəxsi kabinetində əlçatan olur”.  

S.Məhərrəmova bildirib ki, rəqəmsal səhiyyə alətlərindən səmərəli istifadə həm səhiyyə işçilərinin, həm də vətəndaşların birgə məsuliyyətidir:

“Elektron resept sistemi bu istiqamətdə mühüm platforma kimi xidmət edir və ölkəmizdə səhiyyənin müasir tələblərə uyğun inkişafına töhfə verir

S.Məhərrəmova həmçinin elektron resept sistemində texniki problemlər yarandıqda nə etmək lazım olduğundan da bəhs edib:

“Elektron Resept Sistemində texniki nasazlıqlar və ya funksional çətinliklər müşahidə olunduqda, ilkin olaraq istifadəçi – istər həkim, istərsə də sistem operatoru – problemin xarakterini dəqiqləşdirməli və mümkün olduğu qədər texniki səbəbi müəyyən etməyə çalışmalıdır”.

Onun sözlərinə görə, əgər nasazlıq istifadəçinin öz cihazı, internet bağlantısı və ya proqram təminatı ilə əlaqəli deyilsə, bu halda yaranmış nasazlığın aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin rəsmi dəstək kanalları kimi fəaliyyət göstərən 814 Çağrı Mərkəzinə zəng edilməsi, e-poçt vasitəsilə [email protected], eyni zamanda whatsapp xəttindən 055 531 38 28 nömrəsinə yazılı şəkildə müraciət edilməsi tövsiyə olunur:

“Texniki problem yarandıqda təfərrüatlı şəkildə qeydə alınması, xəta mesajının məzmunu, sistemə daxilolma tarixi, istifadə olunan cihaz və əməliyyat sistemi kimi texniki məlumatlar qeyd edilməlidir. Müraciətdə problemin mümkün qədər konkret təsviri Elektron Səhiyyə Mərkəzi tərəfindən daxil olan müraciətlər sistemi üzrə qeydiyyata alınır və mümkün olan ən qısa müddət ərzində araşdırılır. Nasazlığın səviyyəsindən asılı olaraq, texniki qrup məsələni yerində və ya məsafədən müdaxilə yolu ilə həll edir”.

Mütəxəssis sonda qeyd edib ki, bu yanaşma sistemin fasiləsiz fəaliyyətinin təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətinin qorunmasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə yönəlib:

“Elektron Resept Sistemi üzrə texniki dəstək proseslərinin davamlı təkmilləşdirilməsi səhiyyə sistemində rəqəmsal transformasiyanın effektivliyini artıran əsas elementlərdən biridir”.


SON XƏBƏRLƏR