Ukraynanın Krımdakı neft bazalarına və hərbi obyektlərə yönəltdiyi zərbələr taktiki əməliyyatdan daha çox müharibənin gedişatına təsir edən strateji addımdır.
Hər bir hədəfə dəymiş zərbə Rusiyanın enerji və hərbi resurslarını zəiflədir. Bu uğurlar düşmənin komanda və ehtiyat xətlərini sarsıdır, ön xəttdə balansı Ukrayna lehinə dəyişir. Eyni zamanda, əməliyyatlar Qərb donorlarına Ukraynanın güclü müqavimət göstərdiyini sübut edir.
Bu, yeni hərbi və maliyyə yardımlarının artmasına təkan verə bilər. Lakin zərbələr mülki təsirləri artırarsa, bəzi Avropa payçıları ehtiyatlı mövqe saxlaya bilər. İnformasiya müharibəsi çərçivəsində bu əməliyyatlar Kiyev üçün dirənişin və iradənin nümayişidir.
Rusiya üçün isə hər itki işğal planlarını sarsıdan bir xatırlatmadır. Ukrayna əməliyyatları həm taktiki üstünlük, həm də beynəlxalq dəstəyin güclənməsi üçün vasitə rolunu oynayır. Beləliklə, Krimdəki hücumlar müharibənin taktiki, strateji və diplomatik qatlarını birləşdirən önəmli bir nümunəyə çevrilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Ukraynanın, xüsusən də Donetsk, Zaporojye və Krım bölgələrində yerləşən enerji və hərbi obyektlərə endirdiyi zərbələr, təbii ki, təsirsiz ötüşmür. Rusiya nə qədər çox itki versə, bir o qədər region ölkələri və bütövlükdə dünya üçün daha az təhlükə mənbəyinə çevriləcək:
"Rusiya bu cür zərbələrdən mümkün qədər çox zərər görməlidir ki, bundan sonra işğalçı planlar hazırlamaq fikrinə düşməsin. Lakin bu cür hücumlar müharibənin ümumi gedişinə və Qərbin Ukraynaya göstərdiyi dəstəyin miqyasına ciddi təsir göstərə bilmir. Qərbin yardımlarının artması üçün Ukrayna konkret və ciddi hərbi uğurlar qazanmalıdır. Qərb dövlətləri görməlidirlər ki, bu yardımlar sayəsində Ukrayna doğrudan da işğal altındakı əraziləri azad edə bilər".
Abutalıb Səmədov: Amerika Birləşmiş Ştatları da artıq proseslərə əvvəlki kimi aktiv qoşulmur
Onun sözlərinə görə, böyük hərbi qələbələr əldə etmək üçün də daha genişmiqyaslı hərbi yardımlara ehtiyac var. Təəssüf ki, Avropanın bu qədər resursu yoxdur:
"Amerika Birləşmiş Ştatları da artıq proseslərə əvvəlki kimi aktiv qoşulmur. Hər il verilən təxminən 80 milyard dollarlıq yardım irəliləyiş üçün kifayət etmədi. Əslində, bu yardımın ən azı 100 milyard dollara çatdırılması və onun yarısının sırf hərbi dəstəyə yönəldilməsi zəruridir. Ancaq reallıq budur ki, Avropanın bu gücü yoxdur. Mövcud yardım yalnız Ukraynanın müdafiə qabiliyyətini qorumağa kifayət edir".
Abutalıb Səmədov əlavə edib ki, Ukrayna nə qədər uzun müddət dözə bilsə, Rusiya nə qədər çox zərbə alsa, bu, həm dünya, həm də xüsusilə Rusiyanın qonşuluğunda yerləşən dövlətlərin maraqlarına uyğun olacaq:
"Ümid edək ki, Rusiya 2026-cı ilə qədər dayanmaqda çətinlik çəkəcək, mümkün olsa, müharibə 2027-ci ilə qədər uzanacaq və Moskva bu dövrdə elə dərin yaralar alacaq ki, Ukrayna ərazilərinin bir hissəsini nə qədər işğal altında saxlasə belə, artıq bir daha başqa dövlətlərə qarşı işğal niyyəti güdməyə cəsarət etməyəcək".
Əli Hüseynov