• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Hulusi Akar Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

SİYASƏT

29 Mart 2024 | 15:10

Hulusi Akar Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

Bakıvaxtı.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb: “Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”.

H.Akarın sözlərinə görə, tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə danışıblar: “Bu məsələdə problem yoxdur. Lazımi razılıqlar əldə olunub. Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə bu barədə danışır. Proses davam edir”.

Komissiya sədri bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə terrora qarşı mübarizə barədə də danışıblar: “PKK və YPG kimi terror təşkilatlarının mövcudluğu ilə bağlı narahatlığımızı bildirdik. Terrora qarşı birgə mübarizə aparmağımızın labüdlüyü qeyd olundu”.


SON XƏBƏRLƏR

26 Aprel 2024