“İƏT üzvlərinin sayına görə dünyada ən böyük təşkilatlardandır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, İƏT-ə üzv ölkələrdə gənclərin sayı çoxdur: “İşsizliklə bağlı dinamika son 12 ildə daha da pisləşib. İƏT-ə üzv dövlətlərdəki ölkələrdə orta yaş 24 yaşdan aşağıdır. Gənclər arasında işsizlik isə bəzi ölkələrimizdə 40%-dən yuxarıdır”.
Nazir hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini vurğulayıb. S.Babayev Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində aparılan islahatları, ölkəmizdə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, DOST Konsepsiyasının və sosial sahədə geniş elektronlaşdırma proqramının nailiyyətlərini diqqətə çatdırıb.
Bildirib ki, hər bir ölkədə tətbiq olunan yeniliklərin digər üzv dövlətlər tərəfindən də öyrənilməsi, tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi İƏT üçün əsas fəaliyyət istiqamətlərindəndir. O, Bakıda yaradılan İƏT-in Əmək Mərkəzinin bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.
Aytac Aslan
















