Xəbər verdiyimiz kimi, Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib.
Bakıvaxtı.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib. Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.
Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a bildirib ki, Türkiyə İsveçin və Finlandiyanın NATO-nun üzvlüyünə, ümumiyyətlə NATO-nun genişlənməsinə heç vaxt qarşı olmayıb. Onun sözlərinə görə, 2022-ci ildə bu iki ölkənin NATO-ya üzvlüyü müzakirə olunanda Türkiyə veto hüququndan istifadə edib:
“Bunun da əsas səbəbi hər iki ölkədə Türkiyə əleyhinə fəaliyyət göstərən PKK terror qruplaşmasına sərbəst fəaliyyət imkanlarının tanınması, həmin qrup vasitəsilə Türkiyənin əleyhinə separatçı fəaliyyətlərin davam etdirilməsi, eyni zamanda bu ölkələrin Türkiyəyə qarşı müəyyəm embarqolarının olması idi. Türkiyə hərbi sənayedə istifadə olunan məhsullara qoyulmuş embarqoların aradan qaldırılması məsələsini dəfələrlə gündəmə gətirdikdən sonra Finlandiya Türkiyənin şərtlərini qəbul etdi. Ona görə də Türkiyə Finlandiya ilə bütün məsələləri uzlaşdırdıqdan sonra onun NATO-ya üzvlüyünü təsdiqlədi”.
Müsahibimiz qeyd edib ki, İsveçlə olan məsələ isə daha mürəkkəb idi:
“Belə ki, İsveç Finlandiyadan fərqli olaraq Türkiyənin tələblərinin yerinə yetirilməsində süründürməçiliyə yol verdi. Türkiyənin tələb etdiyi terrorla mübarizə və digər qanunvericilik aktları, eyni zamanda PKK-nın fəaliyyəti ilə bağlı məsələlərdə siyasətin dəyişdirilməsi tələblərini gec yerinə yetirdiyi üçün bu məsələ uzandı”.

Oqtay Qasımov: NATO çətirində olmaq İsveçin təhlükəsizliyi üçün əlavə təminatlar deməkdir
O.Qasımov məsələdə ABŞ-nin roluna da diqqət çəkib. Qeyd edib ki, ABŞ-nin də Türkiyə üzərində müəyyən təzyiqləri var idi:
"Bu, bir tərəfdən Türkiyənin müraciətini cavabsız qoyan Amerikanın siyasəti ilə bağlı məsələ idi. Türkiyə F35 beşinci nəsil təyyarələrin istehsalı layihəsindən Amerika tərəfindən kobud və qeyri-qanuni şəkildə kənarlaşdırılandan sonra Amerikadan öz hərbi qüvvələrinin modernləşməsi üçün 40 ədəd F16 yeni modern təyyarələrinin alınması və həmin təyyarələr üçün 80 ədəd modernləşmə ehtiyat hissələrinin alınması üçün müraciət etmişdi. Amma ABŞ müxtləlif bəhanələrlə bunu uzadaraq sonunda da bunu İsveçin NATO-ya üzvlük məsələsinə bağlamışdı. Türkiyə də məhz bu prosesi uzadaraq Amerikanın konkret vədini alandan sonra buna baxdı. Bu baxımdan Türkiyəninqəbul etdiyi qərar onun öz maraqlarına uyğundur”.
Politoloqun fikrincə, NATO çətirində olmaq İsveçin təhlükəsizliyi üçün əlavə təminatlar deməkdir. Onun sözlərinə görə, İsveç bitərəf ölkə olsa da, NATO ilə yaxından əməkdaşlıq edən bir ölkə idi:
“Nəzərə almaq lazımdır ki, NATO-nun arsenalında olan bəzi hərbi texnikalı silah sursatlar İsveçdə istehsal olunurdu. Yəni İsveç hərbi sənaye baxımından inkişaf etmiş ölkələrdən biridir. Bu, NATO üçün də müsbət hadisədir. Belə ki, İsveçin NATO-ya üzvlüyü məsələsi həllini tapandan sonra Baltik dənizi faktiki olaraq NATO dənizinə çevrilir və Rusiyanın orada imkanları minimuma endirilir”.
Politoloq Amid Əliyev isə Bakıvaxtı.az-a bildirib ki, NATO-ya üzvlüyü əsasən bütün hallarda ABŞ müəyyən edir. Onun fikrincə, Türkiyənin bu məsələdə inad etməsi sonda yalnız Türkiyənin imicinə ziyan vura bilərdi.
Politoloq qeyd edib ki, Türkiyə təşkilat daxilindəki nüfuzu, hərbi üstünlüyü və əməkdaşlıq səviyyəsini qorumaq üçün bu addım atıb:
“Digər tərəfdən isə Türkiyənin bu məsələni uzatması məhz elə Türkiyəyə qarşı müxtəlif səpkili təzyiqlərin artamsı demək idi. Beləcə Türkiyə bundan sığortalandı”.
Onun qənaətincə, bu məsələdə ən çox ziyan çəkən ölkə Rusiya olacaq:
“Şərqdən NATO genişlənməsinə qarşı Ukrayna ilə müharibəyə başlayan Rusiya indi də Şimaldan bu təşkilatın genişlənməsinə qarşı kontur addımlar atmalıdır. İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbul edilməsi Rusiyanın birbaşa sərhədlərini 1300 kilometrdən 2600 kilometrə qədər uzanması deməkdir. Bu da əlavə xərclərin, potensialın sərf edilməsi deməkdir”.

Amid Əliyev: Bu məsələni uzanması məhz elə Türkiyəyə qarşı müxtəlif səpkili təzyiqlərin artamsı demək idi
A.Əliyevin fikrincə, Türkiyə tərəfdən İsveçin NATO-ya üzvlüyə qəbul olunması həm siyasi, həm də geosiyasi məsələdir:
“Bu oyunun əsas iştirakçısı və fiqurların koordinatlarını müəyyən edən isə sözsüz ki, ABŞ-dir. Bununla bağlı olaraq Türkiyə İsveçdən onu narahat edən məsələlər barədə da zəmanət alıb. Məsələn, terorçuların maliyyələşdirilməsi və ya İslam dinini və ya onun müxtəlif tərkib elementlərinə qarşı qeyri-insani rəftarlar haqqında məsələlərlə bağlı. Görünən odur ki, Türkiyə bu məsələni uzatmaqla Rusiyaya bir müddət şans verdi, ABŞ bəzi məqamlarda baş-başa gəldi və sonda öz maraqlarını daha üstün tutmağa məcbur oldu”.
Günəş Mərd
















