Orta məktəbdə şagirdlərin iştirakı ilə 12 imama həsr edilən klipə münasibət heç də birmənalı olmadı. Əksəriyyət təhsil müəssisəsində dini mövzuda mahnı oxumağın və klip çəkməyin doğru olmadığı qənaətindədir.
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəbdə çəkiliş aparmaqla təbliğat aparmaq ayrı-ayrı anlayıçlardır: “Sosial şəbəkələrdə məktəblərin birində dünyəvi dövlət və təhsil sistemi prinsiplərinə zidd olaraq dini klipin çəkilməsi ilə guya şagirdlərə dini təbliğatın aparılması kimi təqdim edilən məlumatlar yayılıb. Sözügedən klip bazar günü – məktəblərdə dərs və şagirdlər olmayan zaman çəkilib. Bədii və yaradıcılıq işləri üçün nəinki məktəblərdən, eləcə də digər dövlət binalarından istifadə edilməsində heç bir qanunsuz hal yoxdur. Sözügedən klipdə də çəkiliş aparılan otağın məhz dövlətə məxsus məktəbə və ümumiyyətlə, təhsil müəssisələrinə aid olmasını göstərən heç bir dəlil mövcud deyil. Yəni, bu məsələdə həmin klipin məktəbdə qanunsuz çəkilməsindən söhbət gedə bilər, burada şagirdlərə hər hansı təbliğatın aparılmasından söhbət gedə bilməz”.
Ekspert “dini mahnı” anlayışının olmadığını vurğulayıb: “Klipdə məktəbin ibtidai sinif şagirdinin öz atası ilə mahnını duet şəklində oxuması və onun bir neçə sinif yoldaşı, qohumları görüntülənib. Klip çəkilən mahnının mətninə görə onu dini və ya qeyri-dini kimi xarakterizə etmək üçün heç bir elmi əsas yoxdur. Yəni, müsiqişünaslığa görə mahnının mətninin məhəbbət, vətənpərvərlik və sair mövzularını əhatə etməsi onun janrına aidiyyəti yoxdur və ümumiyyətlə, “dini mahnı” anlayışı yoxdur”.

K.Əsədovun bildirdiyinə görə, klip çəkilişinin texniki prosesini şagirdlərə dini mövzuda məlumatların verilməsini etiva edən hal kimi qiymətləndirmək olmaz.
Ekspert deyib ki, şagirdin təhsil aldığı məktəbdə oxuduğu mahnıya klip çəkmək istəməsi, məktəbin onun bədii yaradıcılığına şərait yaratması da normal bir haldır: “Hazırda məktəb dərsliklərində Ramazan, Qurban bayramları barədə şagirdlərə məlumat verilir və bu onları, oruc olmağa və heyvan kəsməyə dəvət etmək demək deyil. O cümlədən mövcud dərsliklərdə İmam Əlidən sitatların və Məhəmməd peyğəbərin həyatı barədə mətnlərin verilməsi şagirdləri dini etiqadlı olmağa çağırış anlamına gəlmir. Klipin çəkilməsi üçün məktəb rəhbərliyi mövcud qanunvericiliyin tələbinə görə yerli və mərkəzi təhsil idarəetmə orqanlarından razılıq almalı idi. Hərçənd mahnının mətninin də islam dininin məhz bir məzhəbinə aid fikirləri əhatə etməsi klipin məktəbdə çəkilməsinə razılıq verilməməsi ilə nəticələnəcəkdi. Ümumiyyətlə, bu hal president yarada bilərdi, daha sonralar sair məzhəb ardıcılları da məktəblərdə sekta maraqlarına uyğun oxşar fəaliyyətlərinə şəraitin yaradılmasını tələb edə bilərdilər”.
Təhsil Nazirliyi və Dini İşlər üzrə Dövlət Komitəsindən isə məsələylə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, ilahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahi azyaşlı oğlu Seyyid Hüseynlə ifa etdiyi mahnıya məktəbdə klip çəkdirib. Klipdə məktəbdə təhsil alan şagirdlərin iştirakı ilə dini təbliğatın aparıldığı öz əksini tapıb.
Aytac Aslan
















