• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Milyonlar qazanmaq mümkündür - İstiqrazların üstünlüyü

İQTİSADİYYAT

02 Iyul 2024 | 13:44

Milyonlar qazanmaq mümkündür - İstiqrazların üstünlüyü

Son vaxtlar yerli investorlar istiqrazlardan gəlir götürməyin mümkünlüyünü müşahidə etdiklərindən müxtəlif qurumlar qiymətli kağızlara maraqlarını artırıb. Demək olar ki, mütəmadi olaraq bankların və başqa qurumların istiqraz buraxdığının şahidi oluruq.

Bakıvaxtı.az xəbər verir ki, artıq istiqraz alıcıları da qiymətli kağızların rahat şəkildə alınıb-satıla bildiyi barədə məlumatlıdırlar.

Bəs bu istiqrazların hansı üstünlükləri var?

İqtisadçı ekspert Cəfər İbrahimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, istiqrazların buraxılışı ilə bağlı əməli olaraq iki tərəf var:

“Birinci tərəf istiqrazı buraxan şirkət, yəni emitentdir, digər tərəf isə bunlara investisiya edən fiziki və hüquqi şəxs olan investorlardır. Əvvəla bununla şirkətlər alternativ maliyyə bazarına çıxaraq güvənli şirkət olduqlarını sübut edirlər. İkinci əsas məsələ odur ki, borclanma qaynaqlarını diversifikasiya eləmiş olurlar, şaxələndirirlər. Yəni həm pul bazarından, həm də kapital bazarından borclanırlar. Kapital bazarının borclanan şirkətlər üçün üstünlüyü ondan ibarətdir ki, daha çox cəlb etdiyi vəsaitin parametrlərini, faizini və girovla təminat məsələsini özləri müəyyən edirlər”.

C.İbrahimli qeyd edib ki, bu tipli şirkətlərin istiqrazlar üzərindən daha ucuz faizlə borclanma imkanları var:

“Bununla bağlı faiz və əsas vəsaitin ödənişləri məsələlərini öz şirkətinin maliyyə likvidliyi ilə bağlı özləri müəyyənləşdirmiş olurlar. Qeyd etdiyim məqamlar qiymətli kağız buraxan şirkətlər aspektindən üstünlükdür. Qiymətli kağızlara investisiya edən şəxslər üçün ən böyük üstünlük son illərdə Vergi Məcəlləsinə olan dəyişikliklərdir. Belə ki, bu qiymətli kağızlar üzərindən əldə olunan gəlirlərə fiziki şəxslər vergi ödəmirlər. Hesablanmış faizlərin tamamı investorlara ödənilir. Burada mexanizmlər bir qədər fərqlidir, vergidən azad olma imkanı daha genişdir”.

Müsahibimizə görə, investorların ikinci üstünlüyü isə investisiyalarını diversifikasiya etməkləridir. Yəni, təkcə bank sektorunda deyil, kənarda fəaliyyət göstərən sektorların da istiqrazlarını alaraq vəsaitlərini digər sektorlara da investisiya eləmiş olurlar. Bununla da bank sektorundan əmanətdən asılı vəziyyətdə qalmırlar.

Cəfər İbrahimli:

İqtisadçının sözlərinə görə, bazarda olan dövlət və özəl sektor kağızları var ki, minimum, sıfır riskli maliyyə aləti hesab olunur:

“Heç bir risk götürmək istəməyən investorlar daha çox bura investisiya edirlər. Əmanətdən fərqli olaraq istiqrazları istədiyiniz vaxt bazarın tələb-təklifinə uyğun satıb vəsaitinizi likvidasiya etmək imkanı çox yüksəkdir. Əmanətlərdə bəlli bir müddət var ki, həmin vaxtdan əvvəl çəkmək olmur. Çəkdiyiniz zaman faiz itkisinin bir hissəsinə və ya tamamına məruz qalırsınız”.

“İstiqrazın üstünlükləri, müsbət tərəfləri çox olduğu üçün, hazırda Azərbaycan bazarında da gördüyümüz kimi kifayət qədər şirkətlər, banklar əmanətlərə alternativ maliyyə aləti kimi istiqrazı hesab edirlər. Və istiqrazlar üzərindən borclanmağa xeyli üstünlük verirlər”, - deyə Cəfər İbrahimli əlavə edib.

Günel Abbas


SON XƏBƏRLƏR