Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında gizli sülh danışıqları davam edir.
Bakıvaxtı.az Ermənistanın Qraparak qəzetinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti bir neçə gündür Moskvadadır. Rəsmi versiyaya görə, nümayəndə heyəti "Qərb-2021" təlimləri zamanı erməni heyyətinin iştirakını müşahidə edir.
Nəşrin əldə etdiyi məlumata görə, Moskvada Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlar aparılır: "Bizə dedilər ki, danışıqlar başa çatıb və Ermənistan tərəfi nəticələrdən çox razıdır. Görünür, Dağlıq Qarabağın statusu məsələsini atlayaraq, Sovet dövrünün xəritələri əsasında demarkasiya və delimitasiya prosesinin başlanması barədə razılığa gəlmək mümkün olub".
Bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Moskvanın Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamaq üçün konkret təkliflər verdiyini və tərəflərin cavabını gözlədiyini bildirmişdir.
Azərbaycan tərəfinin mövqeyi budur ki, demarkasiya prosesi ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə başlamalıdır. Yəni proses, hazırda Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağın Azərbaycan ərazisi kimi Ermənistan tərəfindən rəsmən tanınmasına əsaslanmalıdır.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















