Baş Dövlət Yol Polisi İdarəsinin motokuryerlər arasında apardığı maarifləndirmə tədbirləri geniş vüsət alır.
Bakıvaxtı.az xəbər verir ki, növbəti tədbir Ekoloji Nəzarət üzrə YPX Bölüyündə keçirilib. Tədbir çərçivəsində profilaktik məqsədlə postda saxlanılan moped və motosiklet sürücülərinə yol hərəkəti qaydaları, hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrə səbəb olduğu sürücülərin diqqətinə çatdırılıb. Qaydaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi əsas mövzu kimi önə çəkilib.
Motokuryerlərə piyada səkilərində hərəkətin yolverilməzliyi, sürət həddi, manevr qaydaları, yol nişanlarının və işıqforların tələblərinə əməl olunması, sərnişin və yükdaşıma qaydalarının pozulmaması, motoşlem və digər qoruyucu vasitələrdən istifadənin zəruriliyi, eləcə də qeydiyyatsız və nömrəsiz nəqliyyatla hərəkətin qanunsuzluğu barədə geniş izahat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, bu cür maarifləndirici tədbirlər davamlı xarakter daşıyacaq və hərəkət iştirakçılarının təhlükəsizliyi üçün birgə məsuliyyət prinsipinə əsaslanacaq.