"Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
"Müəllimlərin sertifikatlaşdırılması prosesinə Azərbaycanda ilk dəfə 2022-ci ildən başlanılıb. Bu proses ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, uğurla davam edir. Doğrudur, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi ilk illərdə texniki və təşkilati istiqamətlərdə müəyyən problemlər var idi. Lakin zaman keçdikcə Elm və Təhsil Nazirliyi, eləcə də İnsan Resursları Mərkəzi tərəfindən bu boşluqların əksəriyyəti müsbət istiqamətdə aradan qaldırıldı.
Hazırda sertifikatlaşdırma prosesində əsas boşluqlar texniki və təşkilati məsələlərlə deyil, qaydalarla bağlıdır. Bu imtahan Ukrayna və Qazaxıstan təcrübəsinə əsasən təşkil olunub. Həmin ölkələrdə müəllimlərin qiymətləndirilməsi mexanizmləri dünya miqyasında uğurla tətbiq edilir. Azərbaycanın bu təcrübəyə üz tutması doğru addım idi, lakin bəzi detallar var ki, burada Ukrayna və Qazaxıstanın qaydalarından fərqli olaraq, öz yanaşmamız tətbiq edilib.
Qaydalarla bağlı ən çox tənqid edilən məqam qiymətləndirmə sistemidir. Bildiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsində maksimum bal 60-dır. 31-50 bal toplayan müəllimlərin maaşına 10%, 50-dən yuxarı bal toplayanların maaşına isə 35% əlavə edilir. Bu qaydalar bir çox müəllim tərəfindən birmənalı qarşılanmayıb. Çünki 31 bal toplayan da 10% artım alır, 50 bal toplayan da. Həmçinin 51 bal toplayan da 35% artım alır, 60 bal toplayan da. Faizlər arasında diferensial bölgünün artırılması daha ədalətli olardı. Məsələn, 31-41 bal toplayanların maaşına 10%, 41-51 bal toplayanların maaşına isə 20% əlavə olunması daha məqbul görünür.
Sertifikatlaşdırmanın 5 ildən bir keçirilməsi də müəyyən problemlərə səbəb olur. Bəzi müəllimlər hazırda özlərini daha bilikli və hazırlıqlı hiss edirlər. Lakin onlar əməkhaqqını əvvəlki nəticələrinə əsasən alırlar. Bu narazılıqların qarşısını almaq üçün sertifikatlaşdırma prosesinin 5 ildən bir deyil, 2 və ya 3 ildən bir keçirilməsi daha məqsədəuyğun olardı.
Bəzi insanlar hesab edir ki, sertifikasiya müəllimlərin nüfuzuna mənfi təsir göstərib. Lakin əslində bu proses müəllimlərin nüfuzuna xələl gətirməyib, əksinə, real vəziyyəti üzə çıxarıb. İki il əvvəl nazirlik tərəfindən sertifikasiya nəticələrinə dair keçirilən konfransda məlum oldu ki, zəif nəticə göstərənlərin 90%-i kollec məzunlarıdır. Hazırda həmin kolleclərin əksəriyyəti fəaliyyətini dayandırıb. Bu isə sertifikatlaşdırmanın təhsildə süzgəcləmə rolunu oynadığını sübut edir. Əgər bu prosesə 2022-ci ildə yox, 2015-ci ildə başlanılsaydı, təhsildə daha müsbət nəticələr əldə etmək mümkün olardı.
Sertifikatlaşdırmanın elmi-statistik təhlilinə geniş ictimaiyyət bələd olmasa da, təhsil mütəxəssisləri və rəsmi qurumlar bu detalları araşdırır. Məsələn, ibtidai sinif müəllimlərinin niyə zəif nəticə göstərdiyi, riyaziyyat məsələlərində niyə çətinlik çəkdikləri kimi məsələlər elmi təhlillərdən keçirilir. Bu təhlillərin yalnız nəzəri deyil, praktiki olaraq da tətbiq olunması vacibdir.
Hər bir halda sertifikatlaşdırmanın müəllim imicinə ciddi zərbə vurduğunu düşünmürəm. Əksinə, bu proses müəllim peşəsində düzgün süzgəcləmə rolunu oynayır. Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər",- deyə E.Nuri fikrini yekunlaşdırıb.