"Fransa senatının qəbul etdiyi mənasız, hüquqazidd sənədinə Azərbayacan sərt reaksiya verməlidir".
Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln.691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib: "Bu ölkənin həmin dövrdə ixracının cəmi 0,16%-dir. Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir. Yəni, biz Fransaya mal satmamaq, ordan da mal almasaq heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollar mal almasa nə olacaq?! Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da Fransaya heç bir təsiri olmayacaq".
N.Cəfərli deyib ki, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir - bu ölkənin 300-ə yaxın şirkəti məmləkətdə işləyir: "Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir".
N.Cəfərlinin sözlərinə görə, biz nə etsək də, Fransanın mövqeyini kökündən dəyişə bilməyəcəyik, bunun obyektiv-subyektiv səbəbləri var: "Fransaya təsir edə biləcək ən böyük addımlardan biri bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir".
"Xülasə, emosiyaları, populizmi kənara qoyub ağılla-məntiqlə, peşəkarlıqla bu mövzularda düşünmək, qərarlar almaq və davranmaq lazımdır...", - deyə Natiq Cəfərli vurğulayıb.
Aytac Aslan
















