Tokyo 2020 Olimpiya Oyunlarının açılış mərasimindən artıq beş gün keçir. Ancaq təəssüflə bildirməliyik ki, 5 gün ərzində 44 idmançımızdan 22-sinin mübarizəyə qoşulmasına baxmayaraq, hələ medal alan yoxdur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Qol.az” saytının baş redaktoru, əməkdar jurnalist Aydın Bağırov idmançılarımızın yarışlarda medal ala bilməməsinin səbəblərindən söz açıb:
Hazırda vəziyyət belədir ki, sizinlə danışdığım bu dəqiqəyə qədər 44 idmançımızdan 22-si Tokyo Olimpiya oyunlarında mübarizəyə qoşulub və onlardan 18 nəfər çıxışını erkən, medalsız başa vurub. Yarışın ilk beş günü üçün bunu, istənilən halda, uğursuz bir nəticə saymaq olar. Düzdür, hələ yarışa qatılmayan bir xeyli idmançımız da var. Ümidim var ki, onların arasında medal qazanan olacaq. Ancaq konkret bu gündən danışanda, təbii ki, çıxışlar yaxşı deyil, ümumiyyətlə, çox bərbatdır. Bu,təkcə legioner idmançılara yox, elə yerli idmançılara da aiddir. Məsələn cüdo milli komandasını götürsək, Azərbaycan 3 nəfəri legioner olmaqla 9 idmançı ilə qatılıb, 6 nəfəri yarışı medalsız başa vurub. Həmin idmançıların 6-sı da yerli idmançılardır. Halbuki biz cüdodan yaxşı nəticə gözləyirdik. Bu idman növündə heç olmasa bir medalımız olmalıydı. Çünki cüdo millisi üçün yaxşı şərait yaradılmış, hazırlıq keçilmişdi. Onların maddi təminatı da yaxşı idi. Cüdo milli komandasında baş məşqçilər legionerlərdir. Görünür, cüdo milli komandasının baş məşqçi korpusunda işi düzgün qura, komanda ruhunu aşılaya bilməyiblər. Bu günə qədər olan uğursuz çıxışlarda daha çox psixoloji amil və bəzi idmançıların etdiyi texniki, taktiki səhvlər rol oynayırdı. Eyni zamanda, boks komandasında da görə bilərik ki, iki idmançımız Tayfur Əliyev və Lorenzo Sotomayor çıxışı medalsız başa vurub. Ancaq hələki iki idmançımız mübarizəni davam etdirir.
Halbuki kubalı boksçu Lorenzo Sotomayor milliləşmiş boksçu və 2016-cı ildə keçirilmiş RİO Olimpiya oyunlarının ikincisi idi. Ona görə də, bu yarışda medal qazanması üçün ona böyük ümidlər bəslənirdi. Təəssüf ki, o da medal qazana bilmədi. Ümumiyyətlə, RİO Olimpiya oyunlarından sonra ona ayrılan yüksək pul mükafatlarından sonra bu boksçuda ciddi intizamsızlıq baş alıb getdi. Yəni idman aləmi bir kənara qaldı, daha çox intizamsız hərəkətləri və kef məclislərində iştirakı ilə medianın gündəminə gəldi. İnstaqramda daha çox bu tip idmançıya xas olmayan idmandankənar, intizamsız gecə həyatı ilə gündəmə gəldi və sırf peşəkar idman adamlarının nəzərində bu məsələlərə görə uğursuzluğu gözlənilən idi. Bu tip idmançıların timsalında bir daha görürük ki, bir çox idman federasiyaları əcnəbi məşqçi və idmançı siyasətindən əl çəkməlidirlər. Onlara yatırılan pul inkişaf etmələri və Azərbaycanı böyük yarışlarda laiqincə təmsil etmələri üçün öz yerli idmançılarımıza, xüsusən də bölgələrdə yaşayan uşaqlara sərf olunmalıdır.
Ümumən götürəndə isə mən medalımızın olmayacağına tam ümidsiz də deyiləm. İndiyə qədər keçirilən bütün yay olimpiya oyunlarında Azərbaycan hər zaman güləş idman növündə medal qazanıb. Bu dəfə də mən onu həm sərbəst, həm də Yunan-Roma güləşində gözləyirəm. Amma sual budur ki, medalın əyyarı nə olacaq? Qızıl, gümüş, yoxsa bürünc? İdmançılarımızın çəkilərində də çox güclü rəqibləri var, xüsusilə sərbəst güləşçi Hacı Əliyevi qeyd edə bilərik. Onun çəkisində kifayət qədər güclü idmançılar və olimpiya çempionları var. Necə olacağını gedişat göstərəcək. Çünki medal alacağına və olimpiya çempionu olacağına əsas ümid etdiklərimizdən biri Hacı Əliyevdir. Amma həmin çəkidə çox güclü rəqabət gedir. Orda qalib adına namizəd Hacı da daxil olmaqla ən azı 10 idmançı var. Bundan sonrakı yarışda artıq hazırlıqdan da əlavə idmançının özünün bir fərd olaraq həm xarakteri, həm də psixoloji hazırlıq məsələsi çox böyük rol oynayacaq.
Aytac Aslan















