“Orta Dəhliz müasir dövrdə yalnız yükdaşımaların həyata keçirildiyi nəqliyyat marşrutu deyil, Şərqlə Qərb arasında ticarət əlaqələrinin yeni arxitekturasını formalaşdıran strateji logistika xəttidir. Azərbaycanın bu marşrut üzərində yerləşməsi ölkəmizə həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm üstünlüklər qazandırır”.
Nəqliyyat və logistika məsələləri üzrə ekspert Ağamehdi Mehtizadə bunu Orta Dəhlizin regional və beynəlxalq əhəmiyyətini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert bildirib ki, son illərdə qlobal ticarət sistemində alternativ və daha dayanıqlı nəqliyyat marşrutlarına ehtiyac əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, Çin və digər Asiya ölkələrindən Avropa bazarlarına yüklərin çatdırılmasında Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən Orta Dəhliz mühüm alternativlərdən birinə çevrilib.
A.Mehtizadənin sözlərinə görə, Azərbaycanın Orta Dəhlizdəki əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyi ilə yanaşı, son illərdə yaradılmış müasir nəqliyyat və logistika infrastrukturudur.
“Azərbaycan uzun illərdir ki, öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına sistemli şəkildə investisiya yatırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, magistral avtomobil yolları, logistika mərkəzləri və digər infrastruktur layihələri ölkəmizin Orta Dəhlizdə əsas həlqələrdən birinə çevrilməsinə imkan yaradıb”, – deyə ekspert qeyd edib.
O vurğulayıb ki, Orta Dəhlizin üstünlüklərindən biri müxtəlif nəqliyyat vasitələrinin vahid marşrut üzərində inteqrasiyasıdır. Yüklər dəmir yolu, avtomobil və dəniz nəqliyyatından istifadə etməklə bir ölkədən digərinə daşınır. Bu isə multimodal daşımaların inkişafına şərait yaradır.
Ekspertin fikrincə, marşrutun səmərəliliyinin artırılması üçün yalnız infrastrukturun mövcudluğu kifayət etmir. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, yük sənədlərinin elektronlaşdırılması və sərhəd-keçid məntəqələrində proseslərin sürətləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
“Orta Dəhlizin rəqabət qabiliyyətini artıran əsas amillərdən biri daşımaların sürəti və proqnozlaşdırıla bilməsidir. Yükün bir neçə ölkənin ərazisindən keçməsi zamanı hər bir mərhələdə vaxt itkisi yaranarsa, marşrutun ümumi effektivliyi aşağı düşə bilər. Buna görə də Azərbaycan və digər iştirakçı ölkələr arasında logistika və gömrük proseslərinin koordinasiyası xüsusi əhəmiyyət daşıyır”, – A.Mehtizadə bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycanın iqtisadiyyatına yalnız tranzit gəlirləri baxımından təsir göstərməyəcək. Dəhliz boyunca logistika xidmətlərinin genişlənməsi yeni biznes imkanları yarada, anbar və terminal infrastrukturunun inkişafına, nəqliyyat sektorunda yeni iş yerlərinin formalaşmasına və əlaqəli xidmət sahələrinin böyüməsinə səbəb ola bilər.
“Burada söhbət yalnız yük maşınlarının və qatarların Azərbaycan ərazisindən keçməsindən getmir. Dəhlizin tam potensialından istifadə etmək üçün ölkədə yükün qəbul edilməsi, çeşidlənməsi, saxlanılması, emalı, sığortalanması və yenidən daşınması ilə bağlı geniş logistika ekosistemi formalaşmalıdır. Bu isə əlavə iqtisadi dəyər yaradır”, – ekspert deyib.
O əlavə edib ki, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi ölkənin Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər region ölkələri ilə nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsi Azərbaycanın Şərq-Qərb ticarət zəncirində rolunu gücləndirə bilər.
Ekspert hesab edir ki, Xəzər dənizində daşımaların artması da Orta Dəhlizin gələcək perspektivləri baxımından mühüm amildir.
“Xəzər dənizi Orta Dəhlizin mühüm keçid nöqtələrindən biridir. Bu səbəbdən Xəzərdə yükdaşıma imkanlarının artırılması, limanlar arasında koordinasiyanın gücləndirilməsi və bərə-logistika xidmətlərinin daha səmərəli təşkili marşrutun ümumi fəaliyyətinə birbaşa təsir göstərir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar dəhlizin dayanıqlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir”, – A.Mehtizadə vurğulayıb.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafında Türkiyənin də xüsusi rolu var. Azərbaycanın qərb istiqamətində Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə etməsi marşrutun iqtisadi potensialını genişləndirir.
“Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı Orta Dəhlizin Avropa ilə bağlantısını gücləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu bu baxımdan strateji əhəmiyyət daşıyır. Dəmir yolu xəttinin imkanlarının artırılması və marşrut üzrə yükdaşıma həcmlərinin yüksəldilməsi gələcəkdə Orta Dəhlizin daha böyük yük axınlarını qəbul etməsinə şərait yarada bilər”, – ekspert bildirib.
A.Mehtizadə qeyd edib ki, Orta Dəhlizin inkişafı Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində iştirakını artırmaqla yanaşı, ölkənin geoiqtisadi mövqeyini də möhkəmləndirir.
“Bu gün nəqliyyat dəhlizləri sadəcə iqtisadi layihələr deyil. Onlar dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığı artırır, yeni əməkdaşlıq platformaları yaradır və regionların geoiqtisadi əhəmiyyətini dəyişir. Azərbaycan da öz əlverişli coğrafi mövqeyindən və yaratdığı infrastrukturdan istifadə etməklə Şərqlə Qərb arasında mühüm bağlantı rolunu daha da gücləndirir”, – deyə o bildirib.
Ekspertin fikrincə, qarşıdakı illərdə əsas hədəflərdən biri Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılması, daşımaların sürətləndirilməsi və marşrut üzrə vahid logistika standartlarının formalaşdırılması olmalıdır.
“Orta Dəhlizin gələcəyi təkcə yük həcmlərinin artmasından asılı deyil. Burada əsas məsələ marşrutun etibarlılığı, sürəti, rəqabət qabiliyyəti və fasiləsizliyidir. Əgər bu istiqamətlərdə koordinasiya davamlı şəkildə gücləndirilərsə, Azərbaycan qarşıdakı dövrdə Avrasiya logistikasının əsas mərkəzlərindən birinə çevrilmək üçün ciddi imkanlara malikdir”, – Ağamehdi Mehtizadə əlavə edib.




